CƏMİYYƏT
“QHT İdarəetmə Akademiyası”nın qış sessiyası başa çatıb
Bakı, 3 mart, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən həyata keçirilən “QHT İdarəetmə Akademiyası”nın (QİDA) qış sessiyası başa çatıb. “Sığortanın əsasları” adlı təlim QİDA proqramı və “Sığortalı gənclik” layihəsi çərçivəsində Azərbaycan Sığortaçılar Assosiasiyası və Maliyyə Nazirliyinin dəstəyi ilə təşkil olunub.
ARGTMŞ-dən AZƏRTAC-a bildiriblər ki, təlim zamanı iştirakçılara sığorta ilə bağlı mövcud qanunvericilik bazası, sığortanın mahiyyəti, sığorta mədəniyyətini formalaşdıran amillər, müqavilə, təkrar sığorta, sığorta riskləri barədə biliklərini artırmaq və dünya görüşünü genişləndirmək imkanı yaradılıb.
Qeyd edək ki, 2014-cü ilin noyabrında start verilən “Sığortalı gənclik” layihəsi Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı, Maliyyə Nazirliyi, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir.