CƏMİYYƏT
QHT layihələrinin hazırlanmasına həsr olunmuş konfranslar keçirilib
Bakı, 28 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Quba və Qəbələ şəhərlərində “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq dövlətlə ictimai təşkilatlar arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi və ictimai həyatın müxtəlif sahələrində mövcud olan problemlərin alternativ həlli yolları ilə bağlı QHT layihələrinin hazırlanmasına həsr olunmuş konfranslar keçirib. Konfranslarda QHT rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının katibliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Şura katibliyinin icraçı direktoru Fərasət Qurbanov dövlətlə QHT-lər arasında mövcud olan əməkdaşlıq münasibətləri, dövlətin QHT sektoruna göstərdiyi dəstəyin əsas istiqamətləri və bu sahədə aparılan işlər haqqında məruzə ilə çıxış edib.
İcraçı direktor yeni dövrün çağırışlarına uyğun olaraq QHT-lərin ictimai sahədəki problemləri, onların alternativ həlli yolları və bununla bağlı QHT layihələrinin hazırlanması haqqında fikirlərini bildirib.
Konfranslar QHT nümayəndələrinin suallarının cavablandırılması ilə davam etdirilib.