SİYASƏT
QHT-lər: Avropa Parlamentinin qərəzli qətnaməsi dünyada demokratik dəyərlərə vurulan zərbədir
Bakı, 18 aprel, AZƏRTAC
Avropa Parlamentinin qondarma erməni soyqırımı haqqında qəbul etdiyi qərəzli qətnamə Azərbaycan qeyri-hökumət təşkilatları tərəfindən narazılıqla qarşılanıb, vətəndaş cəmiyyəti qurumları arasında ciddi etiraz və təəssüf hissi yaradıb. Avropada demokratiyanın dayaqlarından biri kimi tanınan bu qurumun belə anlaşılmaz addım atması bütövlükdə regionda və dünyada demokratik dəyərlərə və ədalət prinsiplərinə vurulan zərbədir.
Bu fikirlər Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun Avropa Parlamentinin məlum qətnaməsi ilə bağlı bəyanatında öz əksini tapıb.
Bəyanatda deyilir ki, bu qətnamənin qəbul edilməsi Avropa İttifaqı ilə Türkiyə arasında münasibətlərlə yanaşı, Avropa-Azərbaycan əlaqələrinə də xələl gətirə bilər. Çünki ermənilərin bütün bəşəriyyətin gözü qarşısında törətdikləri Xocalı soyqırımı, eləcə də torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunması ilə əlaqədar Azərbaycan Respublikası adından edilmiş müraciətlərə Avropa İttifaqı ölkələri indiyədək nə ayrı-ayrılıqda, nə də mövcud Avropa strukturları çərçivəsində ciddi reaksiya göstərib. Torpaqlarının işğal edilməsi nəticəsində 1 milyondan artıq qaçqın və köçkün problemi ilə üzləşmiş Azərbaycana qarşı ədalətsiz münasibət, təəssüf ki, bu gün də davam edir. Bu qətnamə Avropa Parlamentinin ikili standartlar və islamofobiya mövqelərindən çıxış etdiyini bir daha bariz şəkildə göstərir.
Azərbaycan qeyri-hökumət təşkilatları Avropa Parlamentini bu qərəzli və birtərəfli addımlardan çəkinməyə çağırmaqla bərabər diqqətə çatdırır ki, Azərbaycan və Türkiyə Avropa ölkələri ilə ədalətli, qarşılıqlı fayda verən əməkdaşlığı həmişə yüksək tutaraq, regionda sülhün və sabitliyin qorunmasına dəstək verir. Erməni qəsbkarlarının regiondakı türk-müsəlman əhaliyə qarşı törətdiyi qanlı aksiyaların bu gün də davam etməsi beynəlxalq sülhə, əməkdaşlığa və əmin-amanlığa təhdid kimi dəyərləndirilməlidir.
Bəyanatda deyilir: “Sıralarında 652 QHT-ni birləşdirən Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu Avropa Parlamentinin qondarma erməni soyqırımı haqqında qəbul etdiyi qərəzli qətnaməyə qəti etiraz bildirir və Avropa strukturlarını türk, müsəlman ölkələrinə qarşı ikili standartlardan əl çəkməyə, beynəlxalq hüquq normalarına hörmətlə yanaşmağa çağırır”.