CƏMİYYƏT
QHT-lər üçün ictimaiyyətlə əlaqələrin qurulması üzrə təlim təşkil edilib
Bakı, 19 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası QHT-lər üçün “İctimaiyyətlə əlaqələrin qurulması” mövzusunda 2 günlük təlim keçirib.
QHT-lərə Dövlət Dəstəyi Şurasından AZƏRTAC-a verilən məlumata görə, qurumun mətbuat xidmətinin rəhbəri Elməddin Behbud Şuranın yarandığı vaxtdan Əsasnaməyə uyğun olaraq QHT-lərə müxtəlif istiqamətlər üzrə, o cümlədən məlumat və təşkilati-texniki xidmət göstərdiyini qeyd edib. E.Behbud QHT-lərin ictimaiyyətlə əlaqələrin qurulmasını peşəkar əsasda həyata keçirməsinin icra etdikləri layihələrin səmərəliliyinin artırılmasında mühüm rol oynadığını deyib. Mətbuat xidmətinin rəhbəri QHT-media əməkdaşlığının inkişaf etdirilməsinin mexanizmləri haqqında fikirlərini bildirib.
İyirmi təşkilatın qatıldığı tədbirin təlimçisi PR menecer, Şuranın qhtxeber.az saytının baş redaktoru Sənan Nəcəfov olub. Təlimdə PR strategiyasının müəyyənləşdirilməsi, sosial şəbəkələr, media qurumları ilə əlaqələrin qurulması, brifinqin, mətbuat konfransının keçirilməsi, press-relizin hazırlanması, təşkilatın fəaliyyətini qiymətləndirmək üçün “SWOT” analizin aparılması və digər mövzularda təqdimatlar edilib, eyni zamanda, qrup işləri icra olunub. Təlim praktik məşğələlərlə davam etdirilib.