CƏMİYYƏT
QHT-lərə Dövlət Dəstəyi Şurası qənaət etdiyi 360 min manatı dövlət büdcəsinə qaytaracaq
Bakı, 26 noyabr, AZƏRTAC
Noyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ölkə QHT-lərinin Ümumrespublika Forumunu keçirib.
AZƏRTAC xəbər verir ki, toplantıda çıxış edən Şura sədri, deputat Azay Quliyev rəhbərlik etdiyi qurumun ənənəvi olaraq hər il maliyyə yardımı müsabiqəsi elan etməzdən öncə ictimai dinləmələr təşkil etdiyini bildirib. O deyib ki, forumun əsas məqsədi Şuranın 2016-cı il maliyyə yardımı müsabiqəsinin mövzuları ilə bağlı ictimai dinləmələr keçirmək, QHT-lərin rəy və təkliflərini öyrənməkdir.
Şuranın 2015-ci ildə dəstəklədiyi layihələrə toxunan A.Quliyev bildirib ki, cari ildə quruma ayrılan vəsaitdən olduqca qənaətlə istifadə edilib. Belə ki, QHT-lərə maliyyə yardımı fondundan, eyni zamanda, Şura və Katibliyin saxlanma xərclərindən 360 min manat vəsaitə qənaət olunub və bu vəsaitin dövlət büdcəsinə qaytarılması nəzərdə tutulur. Bundan başqa, 2013-2014-cü illərdə xarici QHT-lərin layihələrinin maliyyələşdirilməsi məqsədilə ayrılan vəsaitə də xüsusi diqqətlə yanaşılıb və 1.927.788 manat növbəti illərdə istifadə olunması üçün Şuranın hesabında saxlanılıb.
Katibliyin icraçı direktoru Fərasət Qurbanov Şuranın 2016-cı il maliyyə müsabiqəsinin mövzuları, ictimai aktuallıq kəsb edən məsələlər, problemlərin müəyyən edilməsi və onların həlli yolları, təsvir və təqdimetmə qaydaları haqqında təqdimatla çıxış edib. O, cari ildə həyata keçirilən layihələrin icra vəziyyəti və hesabatlılıq məsələlərinə də toxunub. Bildirib ki, Katiblik layihələrin icrasına nəzarəti daim təkmilləşdirir və QHT-lərin fəaliyyətinin qanunauyğun qurulması üçün zəruri tədbirlər görür. Təəssüf ki, əldə olunan müsbət nəticələrə baxmayaraq, hələ də bir sıra QHT-lərin müqavilə öhdəliklərinin icrasında ciddi problemlər müşahidə olunmaqdadır. Şuranın Katibliyi müqavilə öhdəliyini pozan QHT-lərə qarşı sərt tədbirlər görüb və onlar haqqında müxtəlif qərarlar qəbul edib. Belə ki, 89 yerli və xarici QHT-dən 135.843 manat vəsait tutulub. 2015-ci ilin sonuna qədər bu istiqamətdə intizam tədbirləri davam etdiriləcək.
Toplantıda 40-dan artıq QHT rəhbəri çıxış edib. Onlar cinayətkarlığın baş verməsini törədən səbəblərin araşdırılması, insan alveri, yerli təşkilatların xarici QHT-lərlə təcrübə mübadiləsinin təşkili, milli mənəvi dəyərlərimizin təbliği, sosial çarxların hazırlanması, korrupsiyaya qarşı mübarizə, sərhədyanı rayonlarda maarifçiliyin artırılması, regionlarda məşğulluğun yüksəldilməsi və digər mövzularla bağlı rəy və təkliflərini səsləndirib, ictimai aktuallıq kəsb edən məsələlərlə əlaqədar fikirlərini bildiriblər.