CƏMİYYƏT
QİÇS-ə qarşı mübarizə ilə bağlı qanunun icrası, ona əlavə və dəyişikliklərin edilməsinə dair “dəyirmi masa” keçirilmişdir
Bakı, 24 dekabr (AZƏRTAC). Dekabrın 24-də Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşkilatçılığı ilə QİÇS-ə qarşı mübarizə haqqında qanunun icrası, ona əlavə və dəyişikliklərin edilməsinə dair “dəyirmi masa” keçirilmişdir.
“Dəyirmi masa”da gənclər və idman nazirinin müavini İntiqam Babayev, Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, ARGTMŞ-in sədri Şahin Seyidzadə, UNICEF-in Azərbaycan üzrə direktorunun müavini Rəşid Mustafa və sağlam həyat tərzinin təbliğatçısı olan gənclər təşkilatlarının nümayəndələri iştirak etmişlər.
AZƏRTAC xəbər verir ki, tədbir HİV-AİDS-in profilaktikası, müalicəsi və qayğı/xidmət göstərilməsi ilə bağlı qeyri-hökumət təşkilatlarının bilik və bacarıqlarının artırılması layihəsi çərçivəsində reallaşmışdır.
Layihənin rəhbəri Seymur Hüseynov bildirmişdir ki, layihə Avropa İttifaqının maliyyə dəstəyi ilə UNİCEF Azərbaycan, ARGTMŞ, “Hüquqi İnkişaf və Demokratiya” İctimai Birliyi və “AİDS-lə mübarizə” İctimai Birliyi ilə birgə 2012-ci ildən etibarən həyata keçirilir və 2014-cü ildə başa çatacaqdır.
S.Hüseynov QİÇS-ə qarşı mübarizə ilə bağlı qanunun icrası, ona əlavə və dəyişikliklərin edilməsinə dair təkliflər səsləndirmişdir.
UNICEF-in Azərbaycan üzrə direktorunun müavini Rəşid Mustafa mövzunun hər kəs üçün vacib olduğunu qeyd etmişdir. O bildirmişdir ki, indiyədək Azərbaycanda QİÇS-lə bağlı göstəricilər çox yüksək həddə çatmamışdır. Lakin bu sahədə vəziyyət tam sabit deyildir. Statistik məlumatlar onu göstərir ki, QİÇS-ə yoluxanların 60 faizi narkotik vasitə aludəçiləridir. Bu xəstəliklə mübarizə aparmaq üçün ilk növbədə narkotiklə mübarizəni də diqqət mərkəzində saxlamaq vacibdir.
ARGTMŞ-in sədri Şahin Seyidzadə qeyd etmişdir ki, QİÇS ilə səmərəli mübarizə sahəsində QHT-lərin və dövlət müəssisələrinin birgə əməkdaşlığı müsbət nəticələr əldə olunmasına şərait yaradacaqdır.
Milli Məclisin deputatı Hadı Rəcəbli demişdir ki, MDB məkanında QİÇS-lə mübarizəyə dair ilk qanun Azərbaycanda qəbul olunmuşdur. O vurğulamışdır ki, QİÇS-lə bağlı ayrıca dispanserizasiya olmalıdır.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev bu sahədə yaranan problemlərin qarşısının alınması üçün maarifləndirmə işlərinin aparılmasının zəruriliyini qeyd etmişdir. Nazir müavini bildirmişdir ki, QİÇS xəstəliyi ilə bağlı cəmiyyətdə bir qədər fərqli yanaşma müşahidə edilir. Halbuki bu xəstəliyə hər kəsin müxtəlif yollarla yoluxması mümkündür.
Tədbirdə digər iştirakçılar da mövzu ilə bağlı fikirlərini bölüşmüş, QİÇS-ə qarşı mübarizənin gücləndirilməsinin zəruriliyini bildirmişlər.