CƏMİYYƏT


QİÇS nəticəsində ölüm halları on ildə 45 faiz azalıb

Bakı, 3 iyun, AZƏRTAC

QİÇS əleyhinə mübarizədə böyük uğurlar qazanılıb. İnsanın immun çatışmazlığı virusuna (İİÇV) yoluxanların antiretrovirus terapiyadan istifadə imkanları son illər genişlənib. Bu virusdan ölüm hallarının azalması müşahidə olunur. Uşaqlar arasında yeni yoluxma faktlarının sayı iki dəfə azalıb. Bütün bunlar göstərir ki, bəşəriyyət qazanılmış immun çatışmazlığı sindromunu (QİÇS) aradan qaldırmağa hazırdır. Amma bunun üçün profilaktik tədbirləri möhkəmləndirmək və bu işə əlavə resurslar ayırmaq lazımdır.

AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə istinadla bildirir ki, bu fikir BMT-nin Baş katibi Antoniu Quterrişin qurumun Baş Məclisinin nümayəndələrinə təqdim olunmuş yeni məruzəsində yer alıb.

BMT-nin başçısı hesab edir ki, İİÇV-yə yoluxanların müalicə ilə təmin olunması səhiyyə sahəsinin ən böyük nailiyyətlərindəndir. Antiretrovirus terapiya ilə təmin olunmuş İİÇV-li insanların sayı artaraq 2016-cı ilin ortalarında 18,2 milyon nəfərə çatıb. QİÇS-lə bağlı ölüm hallarının sayı 45 faiz azalaraq, 2005-ci ildəki pik səviyyədən - 2 milyon nəfərdən 2015-ci ildə 1,1 milyon nəfərə çatıb.

Məruzədə deyilir ki, 2016-cı ildə İİÇV-yə yoluxmuş 36,7 milyon adam qeydə alınıb. Sənəddə deyilir ki, bu gün profilaktik tədbirlərə diqqət yetirmək və könüllü testlənmə xidmətini möhkəmləndirmək lazımdır. Axı 2015-ci ilin sonunda İİÇV-yə yoluxmuş adamların yalnız 60 faizi öz statusundan xəbərdar idi.

Baş katib QİÇS əleyhinə mübarizəyə investisiyaların ildə 7 milyard ABŞ dolları məbləğində kəsirini aradan qaldırmağa və maliyyə resurslarından səmərəli istifadə etməyə çağırıb. Onun sözlərinə görə, bu, on milyonlarla İİÇV-yə yoluxma və QİÇS-in səbəb olduğu ölüm hallarını aradan qaldırmağa imkan verəcək.

A.Quterriş BMT-nin 2030-cu ilə qədər QİÇS epidemiyasına son qoymaq vədini xatırladıb.

Yeni məruzədə deyilir ki, İİÇV-yə yeni yoluxma hallarının sayının sürətlə artdığı regionlar Şərqi Avropa və Mərkəzi Asiyadır. Onların yarısı inyeksiya narkotiklərindən istifadə edənlərin payına düşür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.