İQTİSADİYYAT
QİYMƏTLƏRİN BAHALAŞMASI MÜVƏQQƏTİ XARAKTER DAŞIYIR
Bu sözləri Milli Məclisin iqtisadi siyasət məsələləri daimi komissiyasının sədri Səttar Səfərov AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir. Komissiya sədri bildirmişdir ki, əmək haqlarının, pensiya və müavinətlərin artması məsələsi hələ 2002-ci ilin axırlarında növbəti ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə olunarkən plana daxil edilmişdi. Dövlətimizin başçısı əmək haqlarının, pensiya və müavinətlərin artırılmasının iqtisadi cəhətdən əsaslandırılmış şəkildə həyata keçirilməsinin təmin edilməsi ilə bağlı ötən il xüsusi tapşırıq vermişdi. Müvafiq icra orqanları da bu artımı həmin layihə əsasında həyata keçirirlər. Ona görə də, artımın qiymətlərin bahalaşması ilə heç bir əlaqəsi ola bilməz. Hökumət isə, öz növbəsində, qiymətlərin bahalaşmasının qarşısını almaq üçün müvafiq tədbirlər görür. Bu günlərdə aparılmış danışıqlar nəticəsində xarici ölkələrdən kifayət qədər taxıl alınacaq və bununla da qalxım tempinin qarşısı alınacaqdır.