MƏDƏNİYYƏT
“QOBUSTAN” TOPLUSUNUN VƏ “LİTERATURNI AZERBAYDJAN” JURNALININ FƏALİYYƏTLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, yazıçıların XI qurultayı qarşısında ədəbi orqanların fəaliyyətinə həsr olunan silsilə müşavirələr çərçivəsində keçirilən bu tədbiri Yazıçılar Birliyinin sədri, Milli Məclisin deputatı Anar açmışdır.
Yazıçılar Birliyinin üzvü Nəriman Əbdürəhmanlı məruzə ilə çıxış edərək, hər iki ədəbi orqanın ötən 5 illik fəaliyyəti barədə geniş məlumat vermiş, onların qorunub saxlanılmasını müsbət hal kimi qiymətləndirmişdir.
Qeyd olunmuşdur ki, “Qobustan” toplusu yarandığı vaxtdan keçən 35 il müddətində Azərbaycan dilinin saflaşdırılması keşiyində dayanmış, onun səhifələrində mədəniyyətimizin, incəsənətimizin bütün sahələrinə aid əhəmiyyətli materiallar dərc edilmişdir.
Tədbirdə eyni zamanda, hər iki ədəbi orqanın gələcək fəaliyyətlərinin yaxşılaşdırılması üçün təkliflər irəli sürülmüşdür.
“Qobustan”ın baş redaktoru, xalq şairi Fikrət Qoca, “Literaturnı Azerbaydjan” jurnalının baş redaktoru Mansur Vəkilov iştirakçılara minnətdarlıqlarını bildirmişlər.