ELM VƏ TƏHSİL
Qabaqcıl universitetlərin və elmi-tədqiqat institutların fizikləri Bakı Dövlət Universitetində toplanacaqlar
Bakı, 19 aprel, AZƏRTAC
Aprelin 20-dən 22-dək Bakı Dövlət Universitetində (BDU) “Fizikaya müasir baxış” mövzusunda beynəlxalq elmi konfrans təşkil olunacaq.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, tədbir Təhsil Nazirliyi, BDU, Rusiyanın Birləşmiş Nüvə Tədqiqatları İnstitutu, Avstriyanın STAR-NET – nüvə texnologiyaları sahəsində təhsil və mütəxəssislərin hazırlığı regional şəbəkəsi və İtaliyanın Roma Sapienza Universitetinin birgə təşkilatçılığı ilə keçiriləcək.
Konfransda respublikamızın ali təhsil müəssisələri və elmi təşkilatlarının nümayəndələri ilə yanaşı, Türkiyə, Rusiya, İtaliya, Yaponiya, Polşa, Pakistan, İran, Braziliya, Gürcüstan və digər ölkələrin qabaqcıl universitetlərinin və elmi-tədqiqat institutlarının alimləri iştirak edəcəklər.
Tədbir çərçivəsində “Nanotexnologiyalar və materialşünaslıq”, “Opto-nano elektronika”, “Nəzəri, riyazi və yüksək enerjilər fizikası”, “Bioloji və tibbi fizika”, “Kondensləşmiş mühitlər fizikası” və “Astrofizika” bölmələrində çıxışlar, eləcə də stend məruzələr təqdim olunacaq.
Konfransın nəticələrinə görə, Azərbaycan və rus dillərindəki məqalələr “Bakı Dövlət Universitetinin xəbərləri” və Bakı Mühəndislər Universitetinin elmi jurnallarında çap olunacaq. İngilis dilində məzmununa görə xüsusi fərqlənən bir sıra məqalələrin isə “Thomson Reuters” agentliyinin siyahısına daxil olan və indekslənən dərgilərdə dərci barədə müzakirələr aparılıb, ilkin razılaşma əldə edilib.