İQTİSADİYYAT
Qabon Respublikası gömrük sahəsində Azərbaycanla əməkdaşlığa maraq göstərir
Bakı, 26 yanvar, AZƏRTAC
Dövlət Gömrük Komitəsində (DGK) komitə sədri Aydın Əliyevlə ölkəmizdə səfərdə olan Qabon Respublikasının İqtisadiyyat, İnvestisiyaların Təşviqi və Planlaşdırma nazirinin müavini xanım Marie-Julie Bloqo-Bi-Nzendonqun rəhbərlik etdiyi nümayəndə heyətinin görüşü olub.
AZƏRTAC xəbər verir ki, görüşdə A. Əliyev qabonlu həmkarı ilə artıq ikinci dəfədir görüşdüyünü xatırladıb. Komitə sədri bildirib ki, birinci görüşdə Qabon Gömrük Təşkilatı ilə birgə əməkdaşlıq etmək barədə qərara gəlmişdik. 2013-cü ilin payızındakı görüşdə nümayəndə heyətinin Bakı səfərində əməkdaşlıq edəcəyimiz sahələr barədə müzakirələr apardıq.
Qonağa Ermənistan-Azərbaycan, Qağlıq Qarabağ münaqişəsi barədə məlumat verən A. Əliyev vurğulayıb ki, Azərbaycan 26 ildən çoxdur ki, Ermənistanla münaqişə şəraitində yaşayır. Ölkəmizin 20 faiz torpaqları ermənilər tərəfindən işğal olunub. Amma buna baxmayaraq, ölkədə güclü dövlət quruculuğu, o cümlədən sistemli gömrük imkanları mövcuddur.
Komitə sədri deyib ki, bu gün Azərbaycanda DGK müstəqil orqandır və nazirlik statusuna malikdir. Komitənin büdcədənkənar maliyyə fondu var. Azərbaycanda gömrük əməkdaşlarının maddi rifahını yaxşılaşdırmaq üçün bu fonddan istifadə olunur. Gömrük orqanları həm də hüquq-mühafizə orqanıdır. Bütün quru sərhədlərimiz avtomobillərin yoxlanılması üçün müasir avadanlıq və texniki vasitələrlə təmin olunub.
A. Əliyev ölkə başçısının dəstəyi ilə maddi-texniki bazanın formalaşması üçün iri layihələr həyata keçirildiyini deyib. O, dünyada ilk dəfə olaraq gömrükdən keçmə vaxtının müəyyən edilməsi üzrə “Stadi-taym” proqramının tətbiq edildiyini və bu ilin fevral ayında bu proqramın Brüsseldə təqdim ediləcəyini qeyd edib.
Xanım Marie-Julie Bloqo-Bi-Nzendonq isə ölkəsinin iqtisadiyyatı, siyasi vəziyyəti barədə ətraflı məlumat verib. O bildirib ki, ölkəsi gömrük sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır.