DÜNYA


Qaçqın ailələrinin üzvləri Almaniyadakı qohumlarına qovuşurlar

Berlin, 19 yanvar, AZƏRTAC

“Die Welt” qəzetinin bugünkü nömrəsində göstərilir ki, keçən il qaçqın ailələrinin üzvlərinin Almaniyaya axını təqribən 50 faiz artıb. Almaniya Xarici İşlər Nazirliyi bu nəşrin sorğusuna cavab olaraq bildirib: “2016-cı ildə qaçqın ailələrinin yenidən birləşməsi üçün 105 min insanın AFR-ə gəlməsinə viza verilib”.

2015-ci ildə bu cür vizaların sayı 70 min, 2014-cü ildə isə 50 min olub. Suriya və İraq vətəndaşlarının öz qohumları ilə qovuşması üçün verilmiş vizaların sayı təqribən 3 dəfə artaraq 73 minə çatıb.

Qəzet yazır ki, Almaniyaya gəlmiş qaçqınların ailə üzvləri qaçqınlara dair rəsmi statistikada əks olunmur, çünki həmin şəxslər özləri onlara sığınacaq verilməsi barədə ərizə ilə müraciət etmirlər. AFR-in daxili işlər naziri Tomas de Mezyer keçən həftə bildirib ki, 2016-cı ildə bu ölkədə qaçqın statusu almaq istəyən 280 min şəxs qeydə alınıb.

Miqrasiya və Qaçqınlar Məsələləri üzrə Federal İdarənin (BAMF) proqnozlarına görə, Almaniyada olan hər Suriya sakininin yanına gələn ailə üzvlərinin sayı orta hesabla 0,9-1,2 həddində ola bilər. Miqrasiya böhranının gedişində AFR hökuməti qaçqınların öz ailə üzvləri ilə birləşməsinə imkan verən qanunun qüvvəsini iki il müddətinə dayandırıb. Qanuna əsasən bu hüquqdan qaçqının əri (arvadı) və yetkinlik yaşına çatmamış uşaqları istifadə edə bilər.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.