SİYASƏT
Qaçqın böhranı inkişaf etmiş ölkələrdə iqtisadi resurs çatışmazlığına səbəb olub
Bakı, 25 aprel, AZƏRTAC
Qaçqın böhranı inkişaf etmiş ölkələrin strukturunda problem yaradıb və iqtisadi resurs çatışmazlığına səbəb olub.
AZƏRTAC xəbər verir ki, bu fikir BMT-nin Sivilizasiyalar Alyansının Gənclər Forumu çərçivəsində keçirilən biznes simpoziumda “Qaçqın böhranının həlli üçün özəl sektorun cəlb edilməsi” mövzusunda əməkdaşlıq toplantısında səsləndirilib.
Toplantıda “Educom” şirkəti idarə heyətinin üzvü Holger Heyms, “Embawood” LLC-nin ixracat qrupunun rəhbəri Rüstəm Alməmmədov və Qlobal Saziş Şəbəkəsinin Braziliya üzrə əməkdaşı Vanessa Kelano Tarantini qaçqın böhranı ilə bağlı müzakirələr aparıblar.
Toplantıya moderatorluq edən V.Tarantini bildirib ki, II Dünya müharibəsindən bu günə qədər 60 milyon insan öz torpaqlarından didərgin düşüb. Qlobal qaçqın böhranı Avropa, Mərkəzi Asiya və Afrikada bir sıra problemlər yaradıb. Həmçinin qaçqın böhranı səbəbindən insanların bir yerdən başqa yerə köçməsi inkişaf etmiş ölkələrin strukturunda problem yaradıb və resurs çatışmazlığına səbəb olub. Hökumətlər, beynəlxalq qurumlar, vətəndaş cəmiyyətləri və donor təşkilatlar yaranmış qaçqın böhranının həlli ilə bağlı yeni yollar tapmaq və resurs çatışmazlığını aradan qaldırmaq üçün ciddi addımlar atmağa başlayıblar.
V.Tarantini qeyd edib ki, Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu da bu işə böyük töhfələr verəcək, özəl sektorun cəlb edilməsinə imkan yaradacaq.
“Embawood” LLC-nin ixracat qrupunun rəhbəri Rüstəm Alməmmədov Ermənistanın Azərbaycana hərbi təcavüzünün nəticəsində ölkəmizin qaçqın və məcburi köçkün problemi ilə üzləşdiyini diqqətə çatdırıb. O bildirib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində bir milyondan artıq azərbaycanlı öz yurdundan zor gücünə qovularaq qaçqın və məcburi köçkünə çevrilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı ili “Multikulturalizm ili” elan etməsinin dövlət siyasətinin dialoq və sülhə əsaslandığını sübut etdiyini bildirən R.Alməmmədov deyib: “Azərbaycanda özəl sektorun inkişafına xüsusi diqqət yetirilir. Bu işə xarici investorlar da cəlb edilir və sərmayələr qanunla qorunur. Buna görə də Azərbaycan dünyada baş verən iqtisadi böhrandan ən az əziyyət çəkən ölkələrdəndir. İqtisadiyyatın uğurla inkişafı, yeni texnologiyaların tətbiqi və qeyri-neft sektoruna yetirilən diqqət inkişafımızın strukturunu möhkəmləndirir. Bu siyasət qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllini də asanlaşdırır.
Yaranmış qaçqın böhranının daha düzgün idarə edilməsi üçün bütün təşkilatların və qurumların birgə fəaliyyət göstərməsinin önəmini vurğulayan “Educom” şirkətinin idarə heyətinin üzvü Holger Heyms onların biznes əməliyyatlarını, yeni biznes modellərini, investisiyaları, innovasiyaları və texnologiyaları bir araya gətirərək tətbiq etmələrinin əhəmiyyətini vurğulayıb.