REGİONLAR
Qaçqın şəhərciyində fərqli səsə malik istedadlı uşaqlar seçilir
Biləsuvar, 3 iyun, Mahir Babayev, AZƏRTAC
Türkiyənin ölkəmizdəki səfirliyi və Yunis Əmrə İnstitutu erməni işğalı nəticəsində doğma yurd-yuvalarından didərgin düşən istedadlı uşaqlara dəstək aksiyası keçirir. “Qarabağın səsi” adlı layihə çərçivəsində, xüsusi istedada, əsasən də fərqli səsə malik uşaqlar üzə çıxarılır.
AZƏRTAC xəbər verir ki, layihə iki aya yaxındır davam edir. Münsiflər heyəti ötən müddət ərzində məcburi köçkünlərin yaşadıqları bütün yaşayış yerlərində olublar. Sonuncu tədbir isə Biləsuvarda, cəbrayıllı məcburi köçkünlər üçün salınan şəhərcikdə keçirilib. Məcburi köçkün uşaqlar nəsildən-nəslə ötürülən “qarabağlı” avazı ilə münsiflər heyətinin üzvlərini heyrətləndiriblər.
Layihənin həyata keçirilməsində əsas məqsəd fərqli səsə malik köçkün uşaqları üzə çıxarmaq olsa da, müsabiqənin gedişində nizamnaməyə dəyişiklik edilib. Buna səbəb məktəblilərin incəsənətin digər sahələri üzrə də xüsusi istedad nümayiş etdirmələri olub.
İyun ayının birinci on günlüyündə paytaxtda keçiriləcək “qala gecəsi” ilə layihəyə yekun vurulacaq. Burada musiqinin ayrı-ayrı sahələri üzrə fərqlənən ilk 3 yerin qalibləri ictimaiyyətə təqdim ediləcək və onların iştirakı ilə konsert təşkil olunacaq.