CƏMİYYƏT
Qaçqın və məcburi köçkünlərə ərzaq yardımı edilib
Bərdə, 27 may, AZƏRTAC
Azərbaycan Respublikası Prokurorluğunun kollektivi 28 May – Respublika Günü münasibətilə Bərdə rayonunda məskunlaşmış 704 ailədən ibarət 2800 məcburi köçkünə 17 min 80 kiloqram həcmində 22 min 400 manat məbləğində ərzaq yardımı göstərib.
AZƏRTAC xəbər verir ki, Baş Prokurorluğun məsul işçiləri və 24 rayon prokurorluğunun əməkdaşları Bərdə şəhərindəki meşəçilik institutu ərazisində məskunlaşmış məcburi köçkünlərlə görüşüb, onların məişət şəraiti və problemləri ilə maraqlanıblar.
Görüşdə Baş Prokurorluğun idarə rəisinin müavini Müşfiq Səfərov Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli, habelə qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində dövlətimizin başçısının apardığı siyasət barədə məlumat verib. Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin xalqımızın mənafeyinə uyğun həll olunması, işğal altındakı torpaqlarımızın azad edilməsi ilə nəticələnəcək.
Göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirən məcburi köçkünlər Prezident İlham Əliyevin işğal olunmuş ərazilərimizin azad edilməsi, ölkəmizin sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində fəaliyyətini dəstəklədiklərini vurğulayıblar.