İQTİSADİYYAT


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin audit nəticələri qəbul edilib

A+ A

Bakı, 27 iyul, AZƏRTAC

Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət büdcəsindən 2014-2015-ci illərdə və 2016-cı ilin birinci rübündə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə və tabeliyində olan qurumlara ayrılmış vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə Auditorun Hesabatını müzakirə edərək qəbul edib.

Palatadan AZƏRTAC-a bildirilib ki, Audit tədbiri ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və tabeliyində olan 4 qurum üzrə ümumilikdə 560,2 milyon manat məbləğində vəsait əhatə olunub, icra edilmiş vəsaitin 38,8 faizini xidmət göstərilmiş kontingentin kommunal və kommunikasiya xidmətləri və 47,7 faizini onlara verilən müavinətlərin ödənilməsi ilə bağlı xərclər təşkil edib.

Dövlət Komitəsinin 2008-2011-ci illərdə fəaliyyətini əhatə etmiş əvvəlki audit nəticəsində aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində görülmüş tədbirlərin yetərli olmadığı, hazırkı auditin əhatə etdiyi dövrdə də oxşar nöqsanlara yol verildiyi müəyyən edilib.

İstifadə olunan kommunal xidmətlərin haqqının ödənilməsi ilə bağlı aparılmış təhlillərlə qanunvericiliyə əsasən müvafiq qaydada müəyyən edilmiş və haqqı dövlət büdcəsindən ödənilən adambaşına aylıq elektrik enerjisi istehlakı normasından artıq istifadə edilmiş elektrik enerjisi xidmətinə görə əlavə vəsait ödənildiyi, sayğac quraşdırılmış yaşayış yerlərində ödənişin faktiki sərfiyyat əsasında deyil, norma əsasında hesablandığı müəyyən olunub. Eyni zamanda, qanunvericilikdə müvafiq norma müəyyən edilmədiyi halda məcburi köçkünlərin həyətyanı sahələrinin suvarılması üçün aylıq su sərfiyyatı 1 sot üçün 5 kubmetr götürülməklə hesablanıb və auditin əhatə etdiyi dövrdə məcburi köçkünlərin kompakt məskunlaşdıqları bir sıra qəsəbələrdə onların həyətyanı sahələrinin suvarılması su tarifi ilə ödənilib, həmçinin suvarma xidmətləri göstərilən abonentlərin sayının artıq göstərilməsi səbəbindən bəzi qəsəbələrin su sayğacları ilə, bəzi qəsəbələrdə isə məcburi köçkünlərin həyətyanı sahələrinin suvarma suyu ilə təmin edilməsinə baxmayaraq əlavə su haqqı hesablanaraq artıq vəsait ödənilib.

Məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdə işıq nöqtələrinin sayı, müntəzəm süpürülən sahə, tullantıların daşınması üzrə marşrut, təmir olunacaq bina və mənzillərin qüsur aktları və titul siyahısı tərtib edilməyib, nəticədə artıq vəsait ödənişinə yol verilib.

Beynəlxalq və yerli humanitar təşkilatlardan daxil olan yardımların qəbulu və yerlərə çatdırılması, məcburi köçkünlərin yeni salınmış qəsəbələrə köçürülməsi, bəzi qəsəbələrdə içməli suya olan tələbatın təmin olunması məqsədilə ayrılmış nəqliyyat xidməti haqları üzrə vəsaitin təyinatı dəyişdirilib, bir sıra hallarda səmərəsiz xərclərə yol verilib.

Auditor nəzarət tədbiri üzrə nəticələri ümumiləşdirərək tövsiyələrini diqqətə çatdırıb, kommunal xidmətlərin bütün növləri üzrə əhatə olunan məcburi köçkünlərin adlı siyahılarının yerlərdə dəqiqləşdirilməsi, eləcə də siyahılarda təkrarlanmaların qarşısının alınması, habelə vəfat etməsi, hərbi xidmətə göndərilməsi və digər səbəblərdən xidmətdən çıxmış şəxslərin qeydiyyat üzrə dəqiq uçotunun aparılması və bununla da artıq büdcə vəsaiti sərf edilməsinin qarşısının alınması, ödəmələrin ünvanlılığının artırılması məqsədilə “Elektron hökumət” portalı çərçivəsində məcburi köçkünlərin adlı siyahılarından ibarət vahid informasiya sisteminin yaradılması üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini məqsədəmüvafiq hesab edib.

Eyni zamanda, məcburi köçkünlərin məskunlaşdıqları ictimai yerlərdə onlara göstərilən xidmətlərin haqqının ödənişinin faktiki xərclər həcmində aparılmasına ciddi əməl edilməsi, obyektlər üzrə faktiki xərclərin əsaslılığının araşdırılması, göstərilən xidmətlərin maya dəyərinə normativ sənədlərdə nəzərdə tutulmayan məsrəflər təkrarən daxil edilməklə xidmətin dəyərinin həmin məsrəflər hesabına artırılması hallarının qarşısının alınması tövsiyə olunub.

Auditor tərəfindən “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” üzrə əhatə olunan tədbirlərin yerinə yetirilməsi üçün nəzərdə tutulan vəsaitlərin məqsədyönlü və qənaətlə istifadəsi, habelə mənzil tikintisinə yönəldilən qoyuluşlar üçün ayrılan vəsaitlərdən istifadənin səmərəliliyinin daha da yüksəldilməsi, yaşayış qəsəbələrinin tikintisinin qüvvədə olan normativ hüquqi aktlara əməl edilməklə keyfiyyətinin artırılması, tikinti-quraşdırma işlərinin ayrılan vəsait çərçivəsində tam həcmdə və vaxtında yerinə yetirilməsi və tikintisi başa çatdırılmayan qəsəbə və obyektlərin tikintisinin müəyyən edilən müddətdə başa çatdırılması istiqamətində təxirəsalınmaz tədbirlər görülməsi də tövsiyə edilib.

Hesablama Palatasının Kollegiyası Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və tabeliyində olan qurumlar tərəfindən yol verilmiş nöqsanların audit dövründə ləğv edildiyini nəzərə almaqla müəyyən edilmiş digər nöqsanların qısa müddət ərzində aradan qaldırılması, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib, icra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə müvafiq təqdimatlar Dövlət Komitəsinə, həmçinin tabeliyində olan qurumlara göndərilib.

Auditin nəticələri ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinə məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.