SİYASƏT


“Qadın hərbi qulluqçular və milli mənəvi dəyərlərimiz” mövzusunda seminar-müşavirə keçirilib

A+ A

Bakı, 22 sentyabr, AZƏRTAC

Şəmkir şəhərindəki “N” saylı hərbi hissədə “Qadın hərbi qulluqçular və milli mənəvi dəyərlərimiz” mövzusunda seminar-müşavirə keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən general-mayor Xəqani Cəbrayılov dövlət müstəqilliyinin 25 illik yubileyini təntənə ilə qeyd etməyə hazırlaşan ölkəmizin inkişaf yolunda inamla irəlilədiyini diqqətə çatdırıb. Qeyd edib ki, iqtisadi, siyasi, mədəni həyatımızın bütün istiqamətlərində, eləcə də ordu quruculuğu sahəsində uğurlu addımlar atılır. Ölkəmizdə qadınlar da kişilərlə bir sırada Vətənimizin daha da çiçəklənməsi, müdafiə qüdrətinin möhkəmlənməsi naminə səylərini əsirgəmirlər.

Vurğulanıb ki, bu gün Silahlı Qüvvələrin ayrı-ayrı qoşun növlərində, birlik, birləşmə hərbi hissələrində, xüsusi təyinatlı təhsil müəssisələrində yüzlərlə qadın hərbi qulluqçu Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət edir, vəzifə borclarını şərəflə yerinə yetirir. Onların xidməti üçün ən müasir şərait yaradılıb və qadın hərbi qulluqçuların da xidmətləri həmişə yüksək qiymətləndirilir.

Qeyd olunub ki, ölkəmizin ərazi bütövlüyü uğrunda neçə-neçə qadın hərbi qulluqçu şəhidlik zirvəsinə ucalıb, “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına, döyüş orden və medallarına layiq görülüb. Qadınlar bu gün də hərbi peşələrə böyük maraq göstərərək Silahlı Qüvvələrdə xidmət etmək istəyirlər.

Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani mövzu ətrafında geniş məruzə ilə çıxış edərək tarixin bütün mərhələlərində Azərbaycan qadınlarının fədakarlığını və qəhrəmanlığını xatırladıb. Onların həyat yoldaşları, ata və qardaşları ilə bir səngərdə yadelli qəsbkarlara qarşı mübarizələrdə göstərdikləri şəxsi rəşadət və şücaət nümunələri örnək olaraq təqdim edilib. Azərbaycan qadınlarının Böyük Vətən müharibəsi illərində, eləcə də Qarabağ müharibəsinin başlandığı ilk günlərdən könüllü olaraq Vətənin müdafiəsinə qalxdıqları qeyd olunub.

Nəzərə çatdırılıb ki, milli mənəvi dəyərlərə malik olmadan əsil vətənpərvər döyüşçü olmaq qeyri-mümkündür. Odur ki, hər bir qadın hərbi qulluqçu da milli mənəvi dəyərlərimizi dərindən öyrənməli, bu dəyərlər əsasında formalaşmalı, milli ruhda tərbiyə olunmalı və adət-ənənələrimizə sadiq olmalıdır. Məhz keçirilən seminar-müşavirə də bu məqsədi daşıyır.

Hərbi hissənin zabiti, polkovnik-leytenant Rasim Manafov qadın hərbi qulluqçuların mənəvi-psixoloji hazırlığı, onların əxlaqi və hüquqi tərbiyəsi sahəsində görülən məqsədyönlü tədbirlərdən danışaraq bu işin prioritet olduğunu qeyd edib.

Sonra Böyük Vətən müharibəsində hər iki gözünü itirmiş yaralı əsgərə arxa-dayaq olaraq, onu uzaq Çexoslovakiyadan Azərbaycana gətirmiş çex qızı Erikanın fədakarlıq, insansevərlik və xeyirxahlıq nümunəsini tərənnüm edən “Səhra gülü” sənədli filmi nümayiş etdirilib.

Seminar-müşavirə iştirakçılarından gizir Səadət Səfərova, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularından çavuş Elnurə Mustafayeva, kiçik çavuş Ülviyyə Pənahova, əsgərlərdən Sevda Məmmədova, Elmira Məsimova, Aynurə Kazımova və başqaları çıxış edərək fikir, təklif və arzularını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.