İDMAN


Qadın şahmatçılarımız Bakı Olimpiadasına böyük həvəslə hazırlaşırlar

A+ A

Qəbələ, 4 avqust, AZƏRTAC 

Bakı Şahmat Olimpiadasında iştirak edəcək qadın şahmatçılardan ibarət Azərbaycanın birinci və ikinci komandası Qəbələdə təlim-məşq toplanışını davam etdirir.

AZƏRTAC xəbər verir ki, qadın şahmatçılarımız Qəbələdə məşqçilər Fikrət Sideyifzadə, Konstantin Landa, Anar Allahverdiyev, Sərxan Quliyev və Fərid Abbasovun rəhbərliyi altında hazırlaşırlar.

Fikrət Sideyifzadə bildirib ki, Şahmat Olimpiadasının Bakıda keçirilməsi böyük hadisədir. Olimpiadada 180-ə yaxın ölkə iştirak edəcək. Bu isə o deməkdir ki, Bakıda dünyanın istənilən nöqtəsindən komandalar mübarizə aparacaq. “Meydan sahibi kimi yaxşı nəticə göstərməyə çalışacağıq. Bu günlərdə Qəbələdə ikinci təlim-məşq toplanışında iştirak edirik. Şahmatçılarımız yarışa çox ciddi hazırlaşırlar. Məşqlər gün ərzində 6-7 saat təşkil edir. Qadın şahmatçıların səylə hazırlaşmasından razıyam. Əsas diqqət debüt açılışına, partiyanın sonluğuna yönəlir. İnanıram ki, Olimpiadada komandamız yaxşı çıxış etməklə layiqli yerini tutacaq”.

Sərxan Quliyev deyib: “Bu, komandanın ikinci hazırlığıdır. Şahmatçılar böyük həvəslə məşq edirlər. Məsuliyyəti başa düşürlər. Məşqlər zamanı debütlə yanaşı, rəqiblərin oyununu da müzakirə edirik. Olimpiadada qadın komandaların arasında ciddi rəqabət olacaq. Buna görə də rəqiblərin oyunları mütləq təhlil olunmalıdır. Olimpiadaya qədər daha iki toplanış planlaşdırılır. Əvvəlcə Gürcüstan yığması ilə yoldaşlıq görüşündə iştirak edəcəyik. Son hazırlıq isə avqustun 19-da başlayacaq. İnanıram ki, qadın şahmatçılarımız Olimpiadaya tam hazır olacaq”.

Qeyd edək ki, ikinci hazırlıq mərhələsi avqustun 5-də yekunlaşacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.