CƏMİYYƏT
“Qadın və Uşaqların Problemlərinin Araşdırılması” İctimai Birliyinin beş illik yubileyi qeyd olunub
Bakı, 18 dekabr, AZƏRTAC
“Qadın və Uşaqların Problemlərinin Araşdırılması” İctimai Birliyi (İB) 5 ildir ki, fəaliyyət göstərir. Yubileylə bağlı keçirilən tədbirdə İctimai Birliyin sədri Kəmalə Əliyeva bildirilib ki, 2010-cu ildə rəsmi olaraq qeydiyyatdan keçən təşkilatın məqsədi dövlət qadın siyasətini ictimai səviyyədə dəstəkləmək, qadın və uşaqlarla bağlı problemlərin həllini müvafiq dövlət qurumları ilə əlaqəli surətdə həyata keçirmək və bu sahənin inkişafına dəstək verməkdir. K.Əliyeva qadın və uşaqların sosial müdafiəsini gücləndirmək istiqamətində çoxsaylı layihələrin həyata keçirildiyi diqqətə çatdırılıb.
Qeyd olunub ki, əsas məqsəd qadın və uşaqlarla bağlı informasiya bazasını təşkil etmək, bu sahədə olan problemlərin həllini müvafiq dövlət qurumları ilə əlaqəli surətdə həyata keçirmək, dövlət siyasətinin ictimai səviyyədə dəstəklənməsini təmin etmək, müxtəlif yerli və beynəlxalq donorlarla birgə layihələri tətbiq etmək və həmçinin qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərməkdir.
Milli Məclisin deputatı Rauf Əliyev, Prezident Administrasiyasının gənclərlə iş üzrə şöbəsinin müdiri Vüsal Quliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, gənclər və idman nazirinin müavini İntiqam Babayev qeyri-hökumət təşkilatlarının vətəndaş cəmiyyətinin inkişafındakı rolundan, aidiyyəti dövlət qurumları ilə birgə fəaliyyətin vacibliyindən söz açıblar.
Tədbirdə vətəndaş cəmiyyətinin fəal üzvlərinə fəxri fərman və təşəkkürnamələr təqdim olunub.
Bakının Nizami və Xəzər rayonlarının Uşaq və Gənclər Yaradıcılıq mərkəzlərinin üzvlərinin çıxışları maraqla qarşılanıb.