İDMAN
Qadın velosipedçimiz Çexiyada çempion olub
Bakı, 2 may, AZƏRTAC
Azərbaycanın şose velosipedi üzrə yığma komandası və Sloveniyanın “BTC City Ljubljana” klubunun üzvü Yelena Pavluxina Çexiyada keçirilən və 5 mərhələdən ibarət olan “Gracia Orlova” turunu qələbə ilə başa vurub.
Federasiyanın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yarışın ikinci mərhələsində rəqiblərini qabaqlayaraq ümumi təsnifatda lider köynəyini ələ keçirən velosipedçimiz bu üstünlüyünü sonadək qoruyub. İdmançımız Hollandiyanın nüfuzlu “Rabobank” klubunun avstraliyalı üzvü Sara Gillounu 1 dəqiqə 45 saniyə, Almaniyanın “Canyon Sram Racing” komandasının belaruslu nümayəndəsi, Bakı-2015 ilk Avropa Oyunlarının qalibi Alyona Amalisyuku isə 1 dəqiqə 50 saniyə qabaqlayıb.
Bu qələbə Yelena Pavluxinaya Rio-2016 Yay Olimpiya Oyunlarına vəsiqə yolunda növbəti lisenziya xalları da qazandırıb. Təmsilçimiz ikinci mərhələnin qalibi olmaqla 8, ümumi təsnifat birinciliyinə görə isə əlavə 40 reytinq xalı əldə edib.