İDMAN
Qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinə Azərbaycan və Gürcüstan birgə ev sahibliyi edəcək
Qadın voleybol komandaları arasında 2017-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsinə Azərbaycan və Gürcüstan birgə ev sahibliyi edəcək.
AZƏRTAC xəbər verir ki, bu haqda qərar Avropa Voleybol Konfederasiyasının Antalyada təşkil olunan konqresində qəbul olunub.
Yarışın əksər oyunları ölkəmizdə keçiriləcək. Dörd qrupdan birinin görüşləri və 1/4 final matçları Gürcüstanda oynanılacaq. Digər üç qrupun qarşılaşmaları Azərbaycanda (biri Qubada, ikisi Bakıda) keçiriləcək. Çempionatın həlledici qarşılaşmaları – yarımfinal və final oyunları paytaxtımızda gerçəkləşəcək.
Konqresdə çıxış edən Azərbaycan Voleybol Federasiyasının birinci vitse-prezidenti Faiq Qarayev Bakıda keçiriləcək final oyunları haqqında məlumat verərək bildirib ki, dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev namizədliyimizi dəstəkləyib. Vurğulayıb ki, Azərbaycan Prezidenti ölkəmizdə keçirilən bütün tədbirlərin yüksək səviyyədə təşkil olunmasına diqqət və qayğı göstərir. Azərbaycan belə tədbirlərin yüksək səviyyədə keçirilməsinə həmişə hazırdır.
Konqresdə səsvermə zamanı iştirakçıların əksəriyyəti Azərbaycanın namizədliyini dəstəkləyib.
İndiyədək ölkəmizdə komanda idman növlərində böyüklər arasında Avropa və dünya çempionatı keçirilməyib. 2017-ci ildə gerçəkləşəcək bu ilk Azərbaycan voleybolunun hesabına yazılacaq. 2020-ci ildə isə futbol üzrə qitə çempionatının matçları Bakıda təşkil olunacaq.