REGİONLAR
Qadınlar Qəbələ Regional “ASAN xidmət” Mərkəzində “Karyerada ilk addım” təlimində iştirak edib
Qəbələ, 4 iyul, Şahnəzər Bəşirov, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə Qəbələ Regional “ASAN xidmət” Mərkəzində xanımlar üçün “Karyerada ilk addım” adlı təlim təşkil olunub.
AZƏRTAC xəbər verir ki, insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planının 13.5.6-cı bəndinə uyğun olaraq qızların təhsildən yayınmasının qarşısının alınması məqsədilə keçirilən təlimin əsas məqsədi Qəbələ rayonunun orta məktəb şagirdlərini, həmçinin peşə seçimində qərarsız olan xanımları motivasiya etmək, onlara karyera seçimlərində kömək göstərmək və şəxsi inkişaf istiqamətinə həvəsləndirməkdir.
Təlim iki hissədə təşkil olub. Birinci hissədə Qəbələ rayonunda yaşayan və karyerasında nailiyyət qazanmış xanımlar iştirakçılarla öz uğur hekayələrini paylaşıblar. Tədbirin ikinci hissəsində isə iştirakçılar karyerada uğur, xarakter və şəxsiyyət növləri mövzularında təlimlərə qatılmaqla yanaşı, interaktiv oyunlara da cəlb olunublar.
Sonda iştirakçılara sertifikatlar təqdim edilib.