CƏMİYYƏT


Qadınlar çox vaxt öz ərləri və ya başqa seksual partnyorları tərəfindən qətlə yetirilir

A+ A

Bakı, 22 noyabr, AZƏRTAC

Hər il noyabrın 25-də Qadınlara qarşı zorakılığın ləğv edilməsi uğrunda Beynəlxalq Mübarizə Günü qeyd edilir. Bu münasibətlə BMT-nin Nyu-Yorkdakı qərargahında tədbir keçirilib. BMT-nin Baş katibi Pan Gi Mun tədbir iştirakçıları qarşısında çıxış edərək qadınlara və qızlara münasibətdə törədilən cinayətlərə görə cəzasızlığa son qoymağa və onların müdafiəsi ilə bağlı layihələrin maliyyələşdirilməsi üçün daha çox vəsait ayırmağa çağırıb.

AZƏRTAC BMT-nin Xəbər Mərkəzinə istinadla bildirir ki, BMT-nin məlumatına görə, hazırda dünyada orta hesabla hər üç qadından biri bu və ya digər formada fiziki və ya seksual zorakılıqla - seksual təhqir, evdə döyülmə və işdə sataşma halları ilə üzləşir.

Pan Gi Mun deyib: “Söhbət “olum ya ölüm” məsələsindən gedir. Bəzi ölkələrdə qadınların 70 faizə qədəri bildirir ki, seksual tərəfdaşları onlara qarşı fiziki və ya seksual zorakılıq tətbiq ediblər. Bir sıra ölkələrdə qadınların qətlə yetirilməsi hallarının 40 faizdən 70 faizə qədəri onların seksual tərəfdaşlarının əməlləri olur”.

Baş katib xatırladıb ki, keçən il Qadınlara münasibətdə zorakılığa qarşı Ümumdünya Mübarizə Günü münasibətilə bu mübarizəyə yönəlmiş “Narıncı kampaniya” başlanıb.

Bu problem barədə məlumatlılıq səviyyəsini artırmaq məqsədilə “Qadınlara münasibətdə zorakılığa birlikdə son qoyaq” kampaniyası hər ayın 25-ci gününü “Narıncı Gün” elan edib.

Pan Gi Mun deyib: “Mən Narıncı Günə həsr edilmiş tədbirdə Baş katib kimi axırıncı dəfə iştirak edirəm. Qadınlara və qızlara münasibətdə zorakılığa qarşı on il ərzində aparılmış qlobal mübarizəyə verdiyiniz töhfəyə görə sizin hamınıza təşəkkür etmək istəyirəm. Mən bu mübarizəni Koreyada davam etdirməyə çalışacağam...”.

Narıncı rəng qadınların hüquqları uğrunda mübarizədə onlarla həmrəylik rəmzinə çevrilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.