ELM VƏ TƏHSİL
Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bugünümüzün, gələcəyimizin dayağıdır
Bakı, 18 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşəbbüsü və Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının dəstəyi ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bugünümüzün, gələcəyimizin dayağıdır” mövzusunda məqalə müsabiqəsinə başlanıb. Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) təhsil alan tələbələrin müsabiqədə fəal iştiraklarını təmin etmək məqsədilə bu ali təhsil müəssisəsində tədbir keçirilib.
ATMU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə xidmət mühəndisliyi fakültəsi dekanının müavini, Yeni Azərbaycan Partiyasının (YAP) universitet üzrə ərazi ilk təşkilatının sədri Anar Fərmayılov diqqətə çatdırıb ki, qadınlarımız tarixin bütün dövrlərində iradəsi, mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizdə, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşdırılmasında müstəsna rol oynayıblar. XX əsrin 60-cı illərinin sonlarından ölkəmizə rəhbərlik edən ulu öndər Heydər Əliyev qadın azadlığına və qadınların bütün sahələrdə irəli çəkilməsinə xüsusi qayğı göstərib. Ümummilli Liderin qadınlara xüsusi hörmət və münasibəti formalaşdırdığı qadın siyasətində konkret əksini tapıb. Belə ki, müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasında qadınların kişilərlə bərabər hüququ təsbit olunub və demokratik dövlət quruculuğu prosesində onların fəal iştiraklarının hüquqi bazası yaradılıb. Bu gün Azərbaycan qadınının həyatımızın bütün sahələrində əldə etdikləri uğurlar, nümayiş etdirdikləri yüksək göstəricilər ölkəmizdə əsası Ulu Öndər tərəfindən qoyulan qadın siyasətinin sistemli inkişafının məntiqi nəticəsidir. Natiqlər Prezident İlham Əliyevin çıxışından sitat gətirərək bildiriblər: “Əminəm ki, cəmiyyət qarşısında öz məsuliyyətini bütün dərinliyi ilə dərk edən Azərbaycan qadını bundan sonra da müstəqil respublikamızın tərəqqisinə böyük töhfələr verəcəkdir”.
Ölkəmizin inkişaf etdirilməsi istiqamətində gənclərin üzərinə düşən vəzifələrdən danışan Milli Məclisin deputatı Qənirə Paşayeva vurğulayıb ki, harada yaşamasından asılı olmayaraq hər bir soydaşımız Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün əlindən gələni etməlidir. Gəncləri Azərbaycan tarixini, ədəbiyyatını və coğrafiyasını yaxşı öyrənməyə çağıran Q.Paşayeva deyib: “Ölkəmizin daha sürətli inkişafı üçün gənclərin savadlı, təhsilli olmaları, mütaliəyə həvəs göstərmələri əsas şərtdir. Hansı peşənin sirlərinə yiyələnməsindən asılı olmayaraq hər bir insan ölkəsinin və millətinin tarixini dərindən bilməlidir.
YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova, YAP Mərkəzi Aparatının əməkdaşı, YAP Suraxanı rayon təşkilatı Qadınlar Şurasının sədri Zəkiyyə Musayeva, AQUPDK-nın baş məsləhətçisi Sevinc Əlizadə diqqətə çatdırıblar ki, Prezident İlham Əliyevin qayğısı sayəsində xüsusilə son illərdə Azərbaycanın ictimai-siyasi, elmi-iqtisadi həyatında çox mühüm müsbət dəyişikliklərin fonunda qadın hərəkatı ildən-ilə güclənir.