CƏMİYYƏT
Qadınlar zorakılığa “yox” deyirlər
Bakı, 27 noyabr, AZƏRTAC
Nizami rayonunda Beynəlxalq Qadınlara Qarşı Zorakılıqla Mübarizə Günü ilə əlaqədar “16 günlük fəallıq” kampaniyası çərçivəsində “Qadın və Uşaqların Problemlərinin Araşdırılması” İctimai Birliyinin təşkilatçılığı ilə “Qadınlar zorakılığa “yox” deyirlər!” adlı tədbir keçirilib.
Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatından AZƏRTAC-a bildiriblər ki, İctimai Birliyin sədri Kəmalə Məmmədova tədbirin mahiyyətindən danışıb. Qeyd edib ki, Azərbaycanda gender bərabərliyinin təmin olunması, insan hüquqlarının qorunması ilə bağlı kifayət qədər hüquqi sənəd qəbul olunub.
Tədbirdə çıxış edən Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova bildirib ki, Azərbaycanda qadınlar cəmiyyətdə kişilərlə bərabər hüquqa malikdirlər. Onlar demokratik və hüquqi dövlət quruculuğu prosesində yaxından iştirak edir, kişilərlə bərabər məsuliyyət daşıyırlar.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Vəsilə Möhsümova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təmsilçisi Nəzakət Xudiyeva, 32 nömrəli orta məktəbin direktoru, YAP Nizami rayon təşkilatı qadınlar şurasının sədri Sevda Abdullayeva və başqaları təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi qadın siyasətindən, ölkədə qadın zorakılığına qarşı aparılan işlərdən, qadın zorakılığına qarşı qəbul olunan qətnamə və qərarlardan, bu sahədə ölkəmizin qoşulduğu beynəlxalq konvensiyalardan danışıblar.
Qeyd olunub ki, qadın zorakılığına qarşı mübarizədə təkcə hüquq mühafizə orqanları deyil, o cümlədən ictimaiyyətin bütün nümayəndələri də fəal iştirak etməlidirlər.
Tədbir mövzu ətrafında müzakirələrlə davam etdirilib.