MƏDƏNİYYƏT
Qadınlara həsr olunan “Gözəllik nuru-2015” adlı sərgi və konsert maraqla qarşılanıb
Bakı, 5 mart, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyi, Muzey Mərkəzi, Milli Musiqi Komitəsi və “Kukla” Art Qalereyası tərəfindən 8 mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Gözəllik nuru-2015” adlı sərgi və konsert təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Muzey Mərkəzinin sərgi qalereyasında keçirilən tədbiri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq qadınları qarşıdan gələn əlamətdar gün münasibətilə təbrik edərək onlara işlərində uğurlar arzulayıb.
Nazir bildirib ki, hər zaman ölkəmizdə qadınların əməyinə yüksək dəyər verilib, onların zəhməti dövlətimiz tərəfindən mükafatlandırılıb. Bu ənənə bu gün də davam etdirilir. Bilirsiniz ki, Prezident İlham Əliyev bu gün 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib, ölkəmizin mədəniyyət, təhsil və səhiyyə sahələrində səmərəli fəaliyyətlərinə görə onlardan bir qrupuna fəxri adlar verib.
Nazir vurğulayıb ki, mədəniyyətimizin, incəsənətimizin təbliği istiqamətində mühüm layihələr həyata keçirən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın genişmiqyaslı fəaliyyəti, dəyərli xidmətləri Azərbaycan qadınlarının fəallığının nümunəsidir.
Vurğulanıb ki, “Gözəllik nuru” incəsənət layihəsi qadınların incəsənət və həyatdakı rolu ideyasına həsr olunub. Hər bir iştirakçı bu ideyanı özünəməxsus şəkildə əks etdirir. Ənənəvi olaraq hər il davamlı surətdə keçirilən bu layihənin növbəti mərhələsi də 8 mart - Beynəlxalq Qadınlar Gününə həsr olunub. “Gözəllik nuru”nun əsas konsepsiyası teatr və musiqi sənəti ilə üzvi şəkildə birləşən təsviri incəsənətdir. Bu il layihənin əsasında ölkəmizin iki tanınmış qadın rəssamının - İrina Eldarova və Rəna Əmrahovanın yaradıcılığı durur. Onların hər ikisi qadın şəxsiyyətinin sirrini özünəməxsus şəkildə açıqlayır.
Təqdimatda, eyni zamanda konsert də baş tutub. Zərif cinsin nümayəndələrini bayram münasibətilə Pantomima və Kukla teatrlarının kollektivi də təbrik ediblər.
Sonra tədbir iştirakçıları İrina Eldarova və Rəna Əmrahovanın əsərlərindən ibarət sərgiyə baxıblar. Muzey Mərkəzinin zallarında “Kukla” Art Qalereyasının kolleksiyasından seçilmiş eksponatlara da yer ayrılıb. Bu, dünyanın müxtəlif ölkələrindən olan rəssamlar tərəfindən yaradılmış qadın obrazlarıdır.