CƏMİYYƏT
Qadınlara qarşı zorakılığın qarşısının alınmasına dair müzakirələr aparıldı
Bakı, 29 dekabr, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən cəmiyyətdə qadınlara qarşı zorakılığın qarşısının alınması istiqamətində ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının iştirakı ilə tədbir keçirilib.
Komitədən AZƏRTAC-a bildiriblər ki, komitənin sədri Hicran Hüseynova çıxış edərək cəmiyyətdə mövcud olan zorakılıq hallarının qarşısının alınması istiqamətində dövlət tərəfindən həyata keçirilən layihələr barədə danışıb. Qeyd edib ki, bütün dünyada olduğu kimi, ölkəmizdə də qadınlara qarşı zorakılıqla mübarizə aktual problemlərindən biri olaraq qalmaqdadır. Bu problemin qarşısının alınması məqsədi ilə ölkəmizdə qanunvericilik bazası təkmilləşdirilib, yeni qanunlar, dövlət proqramları hazırlanıb.
H.Hüseynova qeyd edib ki, komitə tərəfindən “Qadın hüquqları üzrə bələdçi” kitabı, “Azərbaycan Respublikasında Məişət Zorakılığının Qarşısının Alınmasına dair Qanunvericilik Toplusu” metodiki vəsait, “Məişət zorakılığı: 50 sual - 50 cavab” adlı kitabçalar hazırlanaraq paylanılıb. Eyni zamanda, bu istiqamətdə maarifləndirici tədbirlər mütəmadi olaraq davam etdirilir. Bildirib ki, bir çox bölgələrdə Qadın Resurs Mərkəzləri fəaliyyət göstərir, treninq və seminarlar keçirilir.