CƏMİYYƏT
Qadınlara qarşı zorakılıqla mübarizəyə həsr olunmuş aksiya başlayıb
Bakı, 24 noyabr, AZƏRTAC
BMT Baş Assambleyası tərəfindən təsis olunan Beynəlxalq Qadınlara Qarşı Zorakılıqla Mübarizə Günü 1999-cu il noyabrın 25-dən etibarən hər il bütün dünyada qeyd edilir. Bununla əlaqədar “Qadın və Uşaqların Problemlərinin Araşdırılması” İctimai Birliyi 16 günlük aksiyaya başlayıb.
Bu barədə noyabrın 24-də “Qadın hüquqları və zorakılıq” mövzusunda keçirilən “dəyirmi masa”da məlumat verilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən ictimai birliyin sədri Kəmalə Əliyeva Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Gününün məramı barədə danışıb. “Məqsəd bütün dünyada ictimaiyyətin diqqətini qadın hüquqlarının pozulması və qadınlara qarşı törədilən zorakılıq halları ilə mübarizə məsələlərinə cəlb etməkdir. Bizim təşkilat xüsusilə, regionlarımızda aktual problemə çevrilmiş ailədaxili zorakılıqla bağlı müxtəlif formalarda maarifləndirici tədbirlər, təlimlər, görüşlər keçirir. İstər hər hansı layihə çərçivəsində, istərsə də gündəlik iş prosesimizdə qarşımızda duran əsas məsələlərdən biri də məhz zorakılıqla mübarizə aparmaq, bu sahədə dövlət siyasətinə dəstək verməkdir” – deyə K.Əliyeva qeyd edib.
Dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirak etdiyi “dəyirmi masa”da mövzu ətrafında çıxışlar dinlənilib, müzakirələr aparılıb.