REGİONLAR


“Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində Ağstafada “dəyirmi masa” təşkil olunub VİDEO

A+ A

Şəmkir-Ağstafa, 15 oktyabr, Famil Quliyev, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində təşkil edilən elmi turun iştirakçıları yerli ictimaiyyət nümayəndələri ilə birgə oktyabrın 15-də Şəmkirin Muxtariyyə kəndində Qafqaz Albaniyasının yadigarı olan qədim Şəmkir şəhərinin qalıqlarını ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, bələdçi, tarix elmləri doktoru Tarix Dostiyev tur iştirakçılarına qədim Şəmkir şəhərinin qalıqları barədə məlumat verib. Bildirilib ki, Şəmkir orta əsrlərdə Arran memarlıq məktəbinin əsas mərkəzlərindən biri olub. IX əsrin ikinci yarısı – X əsrdə bu şəhər mühüm sənətkarlıq və ticarət mərkəzinə çevrilib, XI-XII əsrlərdə çiçəklənmə çağını yaşayıb. 1236-cı ildə şəhəri ələ keçirən monqollar qədim Şəmkiri xarabalığa çeviriblər.

Bakı Dövlət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Asif Bayramov tələbələrin qədim şəhərlə bağlı suallarını cavablandırıb.

Sonra tur iştirakçıları Ağstafa rayonuna gəlib, Azərbaycan parkında olublar.

Daha sonra Ağstafa şəhərindəki Yazıçılar Evində “Azərbaycan multikulturalizmi” proqramı çərçivəsində “dəyirmi masa” təşkil olunub.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin analitika şöbəsinin müdiri, fəlsəfə doktoru Rəşad İlyasovun moderatorluğu ilə keçirilən “dəyirmi masa”da Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayevin təşəbbüsü və redaktorluğu ilə nəşr olunan “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının və “Multikulturalizm” ədəbi-bədii, elmi-publisistik jurnalının təqdimatı olub.

Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin məsul işçisi Əziz Məsmalıyev qonaqları salamlayaraq, onları rayonda olan alban abidələri ilə bağlı məlumatlandırıb.

“Dəyirmi masa”da AMEA-nın alimləri Mübariz Xəlilov və Ülviyyə Hacıyeva alban abidələri haqda apardıqları araşdırmalar barədə məlumat veriblər.

Alimlər və Prezident yanında Bilik Fondunun sektor müdiri Hacı Abdulla tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıblar.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru İmaş Hacıyev və tarix üzrə fəlsəfə doktoru Anar Ağalarzadə “dəyirmi masa”da “Keşikçidağ” mağara-məbədlər kompleksi haqqında maraqlı məruzələrlə çıxış ediblər. Qeyd olunub ki, Qafqaz Albaniyasının abidələrinin qiymətli nümunələrindən olan, Ağstafa rayonunun Böyük Kəsik kəndindən 28 kilometr aralıda yerləşən “Keşikçidağ” mağara-məbədlər kompleksi 70-dək mağara, ilkin orta əsrlərə aid bir qala, bir məbəd və bir inanc yerindən ibarətdir. Kompleksdəki təbii mağaraların yaşı isə 2 min ildən çoxdur.

Tədbirdə “Keşikçidağ” dövlət tarix-mədəniyyət qoruğunun direktoru Musa Mursaqulovun kompleks haqqında məlumatı da dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.