REGİONLAR


“Qafqaz Albaniyasını öyrənirik” layihəsinin iştirakçıları Gəncədə olublar VİDEO

A+ A

Gəncə, 14 oktyabr, Rauf Hacıyev, AZƏRTAC

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində Ağstafa-Şəmkir istiqamətində hərəkət edən elmi turun iştirakçıları Gəncə şəhərində olublar.

AZƏRTAC xəbər verir ki, maarifləndirici elmi tur çərçivəsində Gəncəyə gələn layihə iştirakçıları - alimlər, gənc tədqiqatçılar və tələbələr şəhərin bir sıra gəzməli-görməli məkanlarında olub, tarixi-mədəni yerlər haqqında ətraflı məlumat alıblar.

Prezident yanında Bilik Fondunun ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla AZƏRTAC-a bildirib ki, 2016-cı ilin Prezident İlham Əliyev tərəfindən “Multikulturalizm ili” elan edilməsi ilə əlaqədar cari ildə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən bir sıra layihələr icra olunub, çoxsaylı yerli və beynəlxalq əhəmiyyətli tədbirlər, toplantılar və “dəyirmi masa”lar keçirilib. Bu layihənin də məqsədi iştirakçıların Azərbaycanın dövlətçilik tarixində böyük rol oynayan Alban dövləti haqqında daha ətraflı məlumat əldə etməsidir.

Sektor müdiri qeyd edib ki, elmi-maarifləndirici turun iştirakçıları layihə çərçivəsində vaxtilə qədim Alban dövlətində özünün siyasi-iqtisadi və ictimai inkişafı ilə seçilən bölgələrdə, şəhərlərdə olacaq, həmin yerlərdə Azərbaycan tarixinin Alban dövrünə aid maddi mədəniyyət abidələri haqqında ətraflı məlumat toplayacaqlar. Tur iştirakçılarının Gəncəyə gəlişinin səbəbi bu şəhərin və onun mütəfəkkirlərinin həm də vaxtilə Alban dövlətinin tarixində böyük rol oynaması ilə bağlıdır.

Sonra tur iştirakçıları XII əsr dahi Azərbaycan şairi Nizami Gəncəvinin türbəsini ziyarət ediblər. Burada iştirakçılara böyük filosof-şairin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilib. Bildirilib ki, bəşəri poeziyanın ən gözəl örnəklərini yaradan Nizami Gəncəvinin elmi-bədii irsi, eyni zamanda, Azərbaycanın tarixi multikultural ənənələrini öyrənmək baxımından dəyərlidir.

Elmi-maarifləndirici turun iştirakçıları sonra şəhərin mərkəzinə gələrək, Gəncə xanlığının sonuncu hökmdarı Cavad xan Qacarın türbəsini ziyarət ediblər. Burada onlara XVIII əsrin sonları-XIX əsrin əvvəllərində Qafqaz regionunda cərəyan edən mürəkkəb tarixi-siyasi vəziyyət haqqında məlumat verilib. Vurğulanıb ki, hakimiyyəti məhz həmin illərə təsadüf edən Cavad xanın dövlətçilik fəaliyyəti və onun yadelli istilaçılara qarşı apardığı mübarizə bu gün də hər bir azərbaycanlı üçün örnəkdir.

Tur iştirakçıları Gəncədən Şəmkir şəhərinə yola düşüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.