CƏMİYYƏT


Qafqaz Müsəlmanları İdarəsi: Dindən xüsusi maraqlar üçün siyasi alət kimi istifadə olunması cinayət əməlidir

A+ A

Bakı, 16 sentyabr, AZƏRTAC

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ölkəmizin həyatında mühüm hadisə - referendum öncəsi bəzi siyasi qüvvələrin Azərbaycan Respublikasının Konstitusiyasına, “Siyasi partiyalar haqqında”, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunlara zidd olaraq, ölkəmizdə mövcud sabitliyin pozulması, qarşıdurma yaratmaq məqsədilə keçirdikləri aksiyalarına din xadimlərini cəlb etmək üçün dini şüarlarla çağırışlar etməsini dövlətçiliyə qarşı təxribat kimi qiymətləndirir.

QMİ-nin bununla bağlı yaydığı bəyanatda deyilir: “Konstitusion prinsiplərimizə zidd çağırışlarla bağlı tabeliyimizdə olan dini icmalar, din xadimlərimiz, yerlərdəki səlahiyyətli nümayəndələrimiz, qazılar, dindarların haqlı etirazlarını nəzərə alaraq bildiririk ki, dini mərkəz olaraq, dindən xüsusi maraqlar üçün siyasi alət kimi istifadə olunmasını, siyasi müxalifət təmsilçilərinin dövlətçiliyə qarşı dini zəmində çağırışlar etməsini qanunazidd, cinayət əməli hesab edirik.

“Dini etiqad azadlığı haqqında” Qanunda təsbit olunub ki, dini qurumlar siyasi partiyaların fəaliyyətində iştirak etmir. Bu müddəaya müvafiq olaraq, Qafqaz Müsəlmanları İdarəsinin tabeçiliyində olan din xadimləri və onu təmsil edən şəxslər heç bir siyasi partiyanın üzvü ola bilməzlər və heç bir siyasi quruma qoşula, onun fəaliyyətində iştirak edə bilməzlər.

Eyni zamanda, bəyan edirik ki, QMİ-ni təmsil edən din xadimləri və onların nümayəndələri yuxarıda qeyd edilən xarakterli siyasi tədbir və kütləvi aksiyalarda iştirak edərlərsə, bu, qanun pozuntusu sayılacaq və onların haqqında qanunvericiliklə, İdarənin Nizamnaməsinə müvafiq şəkildə məsuliyyət tədbirləri görüləcək.

Din xadimləri, dindarlar hüquqi, demokratik, dünyəvi dövlət olan Azərbaycan Respublikasının vətəndaşları kimi qanunun aliliyini qəbul edir, ictimai-siyasi sabitliyi, davamlı sosial-iqtisadi tərəqqini və bunun təminatçısı olan dövlət başçımızı dəstəkləyirlər. Din xadimləri və dindarlar vətəndaş olaraq öz səsvermə hüquqlarından istifadə edərək sentyabrın 26-da keçiriləcək referendumda fəal iştirak edəcəklər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.