CƏMİYYƏT


Qafqaz Müsəlmanları İdarəsində Rus Pravoslav Kilsəsinin iyerarxı, mitropolit İlarion Volokalamski ilə görüş

A+ A

Bakı, 29 sentyabr, AZƏRTAC

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə sentyabrın 29-da V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Rus Pravoslav Kilsəsinin iyerarxı, mitropolit İlarion Volokalamskinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, şeyxülislam Allahşükür Paşazadə V Beynəlxalq Bakı Forumunun rəsmi açılışında Azərbaycan Prezidentinin nitqinin daha yaxşı gələcəyə ümidlər doğurduğunu vurğulayıb. O deyib: “Bizi narahat edən budur ki, Avropada miqrantlara qarşı ayrı-seçkilik edirlər, onları müsəlmanlara və qeyri-müsəlmanlara bölürlər. Ona görə də hesab edirik ki, sivilizasiyalar və dinlər arasında dialoq dünyada baş verən proseslərə müsbət təsir göstərəcək. Siz dəfələrlə Azərbaycana səfərdə olmusunuz və görmüsünüz ki, Azərbaycanın seçdiyi yol tolerantlıq və multikulturalizm yoludur. Ölkəmizin rəhbərliyi bütün dinlər üçün bərabər şəraiti təmin edir”.

Şeyxülislam A.Paşazadə Azərbaycan ilə Rusiya arasında münasibətlərin yüksələn xətlə inkişaf edəcəyinə əminliyini ifadə edib.

Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri qeyd edib ki, Patriarx Kiril həzrətləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində həmişə ədalətli mövqe tutub. Şeyxülislam deyib: “Bu ilin aprel ayında baş vermiş məlum hadisələrdən dərhal sonra Azərbaycan və Ermənistan dini liderlərinin görüşünü təşkil etmək üçün Patriarx Kirilin cəhdlərinin Eçmiədzində dəstək ala bilmədiyinə həqiqətən üzüldüm”.

Mitropolit İlarion şeyxülislam Allahşükür Paşazadənin dinlərarası dialoq və regionda sülhün bərqərar olmasında böyük səylərini qeyd edib. O deyib: “İştirak etdiyimiz Beynəlxalq Humanitar Forum Prezident İlham Əliyevin çox vaxtında həyata keçirdiyi təşəbbüsdür. Azərbaycan bu mötəbər tədbirə ən müxtəlif adamları - millətlərarası barışıq və dialoq işinə töhfə verən fərqli mədəniyyətlərin, dinlərin nümayəndələrini dəvət edib. Diqqəti buna çəkmək istəyirəm ki, Forum iştirakçılarının dini ənənələri fərqli olsa da, hamı eyni mövzularda, yəni, terrorizmlə mübarizənin zəruriliyi, sülh və dialoqun olması üçün səylərin birləşdirilməsindən danışırdı”.

Mitropolit İlarion Volokalamski Patriarx Kirilin 70 yaşının tamam olması ilə bağlı ad günü mərasiminə dəvətini şeyxülislam Allahşükür Paşazadəyə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.