CƏMİYYƏT


Qafqaz Müsəlmanları İdarəsinin sədri həmvətənlərimizi Qurban bayramı münasibətilə təbrik edib

A+ A

Bakı, 10 sentyabr, AZƏRTAC

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Qurban bayramı münasibətilə həmvətənlərimizi təbrik edib.

Təbrikdə deyilir: “Dünya müsəlmanlarının ən şərafətli bayramlarından olan mübarək Qurban bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, Allah rizası üçün edilən dua və ibadətlərimizin, qurbanlarımızın Haqq dərgahında qəbul olunmasını diləyirəm.

İslam Aləminin ən əziz və müqəddəs günlərindən biri - Eydül-Əzha - Qurban bayramı Peyğəmbər Həzrət İbrahim əleyhissəlam yadigarı olaraq Uca Allah tərəfindən müsəlman ümmətinin böyük sevinc və fərəh məqamı kimi qərar verilmişdir. Müqəddəs Qurban bayramı əsrlər boyu insanların həmrəyliyinə, mənəvi saflaşmasına və imanlarının kamilləşməsinə xidmət edir.

Bu münəvvər gündə müstəqilliyimiz uğrunda, Vətən yolunda şəhid olmuş oğul və qızlarımızın ruhlarına rəhmət diləyirik. Bütün dualarımiz Vətənimizin xoşbəxt gələcəyi, xalqımızın rifahı üçündür. Bizim ən böyük arzumuz və duamız əzəli Azərbaycan torpağı olan doğma Qarabağımızın azadlığıdır.

İslami dəyərlərə sahib duran dövlətimizin qayğısı sayəsində bizə bu mübarək məqamı layiqli şəkildə bayram etmək səadəti nəsib olmuşdur. Bu əziz gündə həm müqəddəs Məkkeyi-mükərrəmədə, həm də ölkəmizin məscidlərində dualar edən Azərbaycan müsəlmanları ulu öndər Heydər Əliyev həzrətlərinin ruhu üçün rəhmət diləyir, onun müdrik yolunun davamçısı Prezident İlham Əliyevin müstəqilliyimizi qorumaq, xalqımızı daha böyük uğurlara doğru aparmaq, Azərbaycanın haqq işinin zəfər çalması yolunda dəyərli fəaliyyətinə rəvac verməsini Uca Allahdan arzulayırlar.

Valideynlər, doğmalarla yanaşı qaçqın, köçkün, kimsəsiz, ehtiyacı olan soydaşlarımıza bu mübarək bayramı hamı ilə birgə könül xoşluğu ilə keçirmək imkanı yaratmaq, sevincini onlarla paylaşmaq Allaha xoş gedən savab əməllərdəndir.

Bu əziz günlərdə Azərbaycan xalqına xeyir-dualarımı yetirir, Uca Allahın Nəzərinin üzərimizdə hər zaman bərqərar olmasını diləyirəm. Qoy həmvətənlərimin evlərində səadət, əmin-amanlıq hökm sürsün, ruziləri bol, imanları kamil olsun! Qoy müsəlman ümmətinin böyük sevinc bayramı olan Qurban bayramında Allah-Təala qurbanlarımızı və dualarımızı qəbul etsin! Amin!”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.