CƏMİYYƏT
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə “Yekaterinburq Yeparxiyasının 130 ili” medalı ilə təltif edilib
Bakı, 25 aprel, AZƏRTAC
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Yekaterinburq nümayəndə heyətinin tərkibində ölkəmizdə səfərdə olan Yekaterinburq və Verxoturye mitropoliti Kirill ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Rusiya ilə Azərbaycan arasında tarixi dostluq, mehriban qonşuluq münasibətlərinin mövcud olduğunu bildirib. Şeyxülislam dedi: “Mən ölkələrimiz arasında mehriban əlaqələri yüksək qiymətləndirirəm. Azərbaycan ilə Rusiyanı siyasi, iqtisadi, mədəni və mənəvi əlaqələr bağlayır”.
A.Paşazadə Rusiyaya səfərlərini, bütün Rusiyanın Patriarxı Kirill ilə görüşlərini xatırladaraq qeyd edib ki, azərbaycanlıların ən böyük diasporu Rusiyadadır. Qafqaz Müsəlmanları İdarəsinin sədri dedi: “Azərbaycanda ruslar ana dillərində təhsil ala bilirlər. Rus dili ölkəmizdə geniş yayılıb, istər orta, istərsə də ali məktəblərdə bu dildə təhsil almaq mümkündür. Azərbaycanda rusdilli qəzetlər, kitab və jurnallar nəşr olunur, Rus Dram Teatrı fəaliyyət göstərir.
Şeyxülislam Azərbaycanda mövcud olan dövlət və din münasibətlərindən və qədim dini dözümlülük ənənələrindən danışıb. Bildirib ki, Azərbaycanda əsrlər boyu müxtəlif konfessiyaların nümayəndələri birgə dinc şəraitdə yaşayırlar. Burada heç vaxt ksenofobiya və dini zəmində münaqişələr müşahidə olunmayıb. Ölkəmizdə Konstitusiya digər azadlıqlarla bərabər, din azadlığına təminat verir. Azərbaycanda kilsələr tikilir və təmir edilir. Azərbaycan xalqı mehribandır və din azadlığını qəbul edir. Biz ölkəmizdə yaşayan xalqların dini bayramlarını birlikdə qeyd edirik.
Şeyxülislam Allahşükür Paşazadə dedi: “Bizi narahat edən budur ki, indi Ermənistan qondarma “erməni soyqırımı”nı qeyd edir, halbuki Xocalı faciəsinin yaraları hələ də qaysaq bağlamayıb. Uydurma “soyqırımı”nı qeyd etmək əvəzinə Xocalı faciəsinə siyasi qiymət vermək lazımdır ki, dünyada belə bir faciə bir daha təkrarlanmasın”.
Yekaterinburq və Verxoturye mitropoliti Kirill bütün Rusiyanın Patriarxı Kirillin salamını şeyxülislam Allahşükür Paşazadəyə çatdırdı. Qonaq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə əminliyini ifadə etdi.
O dedi: “Rus Pravoslav Kilsəsinə və yeparxiyamıza daim mehriban münasibət göstərmisiniz. Buna görə, çox sağ olun. Yekaterinburq Yeparxiyasının 130 yaşı tamam olub. İcazə verin, sizə - sülh uğrunda yorulmaz mübarizə hörmət və məhəbbətin əlaməti olaraq, “Yekaterinburq Yeparxiyasının 130 ili” xatirə medalını təqdim edim”.
Yekaterinburq və Verxoturye mitropoliti Kirill şeyxülislam Allahşükür Paşazadəyə “Yekaterinburq Yeparxiyasının 130 ili” medalını və xatirə hədiyyələri təqdim etdi.
Yekaterinburq və Verxoturye mitropoliti Kirillə bütün Rusiyanın Patriarxı Kirillin Azərbaycan dilinə tərcümə olunmuş “Azadlıq və məsuliyyət” kitabı hədiyyə edildi.