ELM VƏ TƏHSİL
“Qafqazın neotektonik xəritəsi”nin tərtibi layihəsi üzrə ilkin müzakirələr aparılıb
Bakı, 18 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun mütəxəssisləri gürcüstanlı və rusiyalı həmkarları ilə birgə “Qafqazın neotektonik xəritəsi”nin tərtibi layihəsi üzrə ilkin müzakirələr aparıblar.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, xəritədə geoloji təkamülün ən yeni dövründə – son 10-12 milyon il ərzində Qafqaz ərazisinin dərinliklərində geotektonik hərəkətlər, müasir dövrün aktiv tektonikası, seysmik aktivliyin təzahürləri və s. məlumatlar əksini tapacaq. Üç ölkənin alimləri tərəfindən hazırlanacaq xəritənin 2018-ci ildə nəşr olunması nəzərdə tutulur.
“Geoloji mühitdə mənfi təzyiq dalğalarının aşkarlanması, qeyd olunması və izlənilməsi üsullarının və texniki sisteminin işlənilməsi” proqramı çərçivəsində institutun alimləri Macarıstan Elmlər Akademiyasının Enerji Tədqiqatları Mərkəzi və Bakı Ali Neft Məktəbinin əməkdaşları ilə birgə tədqiqat işləri aparırlar.
Qeyd edək ki, ikiillik proqram Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə icra olunur.