ELM VƏ TƏHSİL
Qafqazşünaslıq İnstitutunda Azərbaycanın son iyirmi beş ildə əldə etdiyi uğurlardan bəhs olunub
Bakı, 13 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunan “dəyirmi masa” keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbiri açan bu elm müəssisəsinin direktoru, professor, Milli Məclisin deputatı Musa Qasımlı Azərbaycanın dövlət müstəqilliyinin bərpasının tarixi hadisə olduğunu deyib, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında” Sərəncamın əhəmiyyətindən danışıb.
Azərbaycanın dövlətçilik tarixinin son 25 illik dövrünə ekskursiya edən M.Qasımlı ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən söhbət açıb, Prezident İlham Əliyevin yürütdüyü siyasətin uğurlarından danışıb. Diqqətə çatdırılıb ki, Cənubi Qafqaz iqtisadiyyatının 75 faizi inkişaf səviyyəsinə görə güclü dövlət hesab edilən Azərbaycanın payına düşür.
Tədbirdə institutun elmi işlər üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Rahil Nəcəfov, Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Ramilə Dadaşova, Ermənişünaslıq şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Ziyad Əmrahov və digərləri çıxış edərək ölkəmizdə ötən 25 ildə əldə edilən nailiyyətlərdən danışıblar.