SİYASƏT
Qahirə Universitetinin iki yüzədək tələbəsi “Xocalıya ədalət!” şüarı altında marafon yarışması keçirib
Qahirə, 26 fevral, AZƏRTAC
Fevralın 25-də Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Qahirə Universitetinin tələbələri “Xocalıya ədalət!” şüarı altında marafon yarışması keçiriblər.
Yarışma iştirakçısı olan iki yüzə yaxın misirli tələbə üzərində “Light a Fire to Fight the Liar” və “Justice for Khojaly” yazısı olan köynəklərlə müəllimlərin və tələbə yoldaşlarının diqqətini bu soyqırımı faktına yönəldib.
Aksiya çərçivəsində ətrafdakılara Xocalı faciəsini əks etdirən flayerlər paylanılıb və Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda dinc azərbaycanlılara qarşı törədilmiş soyqırımı barədə məlumatlar çatdırılıb. Keçirilən aksiya tələbələrlə yanaşı, müəllim və professor heyətinin də diqqətini cəlb edib.
Misirin təhsil nazirinin müşaviri və Qahirə Universitetinin məsul şəxsləri aksiyanın açılışında iştirak etməklə öz dəstəklərini nümayiş etdiriblər.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlamış “Xocalıya ədalət!” kampaniyasının Misirin 250 min tələbəsi olan Qahirə Universitetində keçirilməsi universitetin digər tələbələri ilə yanaşı, müəllim və professor heyətinin də diqqətini cəlb edib.
Tələbələrin aksiyası Misirin kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə