MƏDƏNİYYƏT


Qahirəli alim Azərbaycan Milli Kitabxanasında məruzə ilə çıxış edib

Bakı, 1 iyun, Zərəngiz Mansurova, AZƏRTAC

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət və Turizm Nazirliyi və Misir Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “İslam Həmrəyliyi İli” çərçivəsində tədbir keçirilib. Tədbirdə Qahirə Universitetinin professoru, ədəbiyyat üzrə Misir Dövlət mükafatı laureatı Əhməd İbrahim Dərviş Muhəmməd “İslam həmrəyliyinin möhkəmləndirilməsində Azərbaycanın rolu” mövzusunda məruzə ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunmasından, islam dininin dostluq, qardaşlıq, sülh dini olmasından, ölkədə keçirilən silsilə tədbirlərdən, Bakıda uğurla keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarından danışıb.

Əhməd İbrahim Dərviş Muhəmməd məruzəsində Azərbaycanda islam dini, tolerantlıq, Azərbaycan alimlərinin dünya ədəbiyyatında və mədəniyyətində islam həmrəyliyinin əsasını qoyması, bu sahədə əvəzsiz xidmətləri barədə danışıb. O, Azərbaycan ədəbiyyatı və elmi ilə bağlı apardığı tədqiqatlardan, ərəb ölkələrində böyük nüfuz qazanmış orta əsrlər azərbaycanlı ədib və alimlərindən də söz açıb. Bildirib ki, böyük din və ədəbiyyat alimləri Xətib Təbrizi, Səlahəddin Əyyubi, İsgəndəriyyədə baş həkim kimi çalışmış, hətta sultanın xüsusi həkimi olmuş İbn ən-Nəfis və ərəb ölkələrində yaşayıb-yaradan bir çox alimlər Azərbaycan əsilli olublar. Onlar ərəb dilinin, ədəbiyyatının, mədəniyyətinin, eləcə də elminin inkişafına böyük töhfələr veriblər.

Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi Bakıda yüksək səviyyədə keçirilən IV İslam Həmrəyliyi Oyunlarının islam aləmi birliyinin ən gözəl təcəssümü olduğunu qeyd edib.

Sonda “Azərbaycan Milli Kitabxanası. Fotoalbom” (Azərbaycan, ingilis və rus dillərində) və “Azərbaycan. Fotoalbom” (ərəb dilində) kitabları qonağa təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.