İQTİSADİYYAT
Qala-Pirallahı avtomobil yolunda piyada keçidi inşa olunur VİDEO
Bakı, 17 aprel, AZƏRTAC
Qala-Pirallahı avtomobil yolunun 3,6-cı kilometrində “Azəravtoyol” ASC tərəfindən yerüstü piyada keçidinin inşası aparılır.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hazırda keçiddə montaj və qaynaq işləri görülür. Buna paralel olaraq inşaat işləri çərçivəsində dəmir-beton özül dayaqlarının (döşəməsinin) tikintisi işləri də aparılır.
Bir aşırımlı metal konstruksiyalı yerüstü piyada keçidinin magistral yol üzərindəki hissəsinin ümumi uzunluğu 45 metr, iki ədəd giriş-çıxışlarında pilləkənlərinin hər birinin uzunluğu 15 metr, keçidin tam uzunluğu 75 metrdir. Piyada keçidinin hərəkət hissəsinin eni 3,5 metr, yol səthindən olan hündürlüyü isə 5,5 metr təşkil edir.
Məlumata əsasən, piyada keçidinin üstü açıq pilləkən və yolüstü hərəkət hissəsi metal lövhələrdən ibarət olacaq. Eyni zamanda, 2 marşlı pilləkənlərin kənarında fiziki qüsurlu şəxslərin hərəkət etmələri üçün panduslar nəzərdə tutulub. Piyada keçidinin ətrafında 2 avtobus dayanacağı qoyulacaq və ümumi hərəkətə maneə yaratmadan dayanacağa giriş-çıxışını təmin etmək üçün xüsusi “cib”li hissələr yaradılacaq, lazımi yol nişanları quraşdırılacaq.
Piyada keçidi elementləri mövcud normalara görə hesablanaraq “Azəravtoyol” ASC-nin "Azəryolelmitədqiqatlayihə" İnstitutu tərəfindən layihələndirilib.
Aşırım və pilləkən hissəsi metal konstruksiyalı olan piyada keçidinin inşası həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarından keçməsini, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təmin edəcək.
Qeyd olunub ki, bütün işlər qrafikə uyğun, texnoloji ardıcıllığa riayət olunmaqla həyata keçirilir.