İQTİSADİYYAT


Qala-Pirallahı avtomobil yolunun 1 kilometrlik hissəsi yenidən qurulub

Bakı, 5 may, AZƏRTAC 

Qala-Pirallahı avtomobil yolunun Pirallahı körpüsünün girişinə qədər 1 kilometr uzunluğunda olan yanaşma yolunun yenidən qurulması işləri “Azəravtoyol” ASC tərəfindən yekunlaşıb.

ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yenidənqurma işləri çərçivəsində yolun eni 7 metrdən 22-i metrə qədər və dənizə doğru genişləndirilib, 25 metr enində karbonat materialından istifadə edilərək yeni yol yatağı, qum-çınqıl və optimal-qırmadaş qarışığından ibarət isə yol əsasının inşası işləri aparılıb.

Daha sonra yolboyu 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib. Ümumilikdə isə 19 min kvadratmetr əraziyə 12 santimetr qalınlığında asfalt-beton örtüyü salınıb.

Layihə çərçivəsində sözügedən hissədə yol 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarətdir. Yolun hərəkət hissəsinin eni 16 metr təşkil edir. Buna paralel olaraq yolboyu 1,5 metr enində piyada səkiləri, 2-3 metr enində ayrıcı zolaq inşa olunub. Ümumilikdə 3300 kvadratmetr piyada səkisi tikilib, səkilərin və yol ayrıcının kənarlarına isə 6350 poqonmetr yeni səki daşı düzülüb. Həmçinin yolboyu 480 metr uzunluğunda yeni istinad divarı inşa edilib.

Yenidənqurma işləri tamamlandıqdan sonra zəruri olan yerlərdə yol nişanları və məlumatverici nişanlar quraşdırılıb, yolun üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.

Pirallahı körpüsünün digər hissəsinin yanaşma yolunda da işlər sürətlə aparılır. Hazırda burada torpaq işləri görülür, yeni yol yatağı və yol əsası inşa olunur. Buna paralel olaraq, dəmir-beton konstruksiyaların sahil boyunca bərkitmə işləri aparılır.

Qeyd olunub ki, 850 metr uzunluğunda olan yanaşma yolu 2-ci texniki dərəcəyə uyğun yenidən qurulur. Layihə çərçivəsində yol yatağı 12 metrə qədər genişləndirilib. İki hərəkət zolaqlı yolun hərəkət hissəsinin eni 6 metr, çiyinlərin eni isə 1,5 metr təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.