İQTİSADİYYAT


Qala-Pirallahı avtomobil yolunun 22-ci kilometrindən Pirallahı körpüsünə qədər olan yol yenidən qurulur VİDEO

Bakı, 21 dekabr, AZƏRTAC

Qala-Pirallahı avtomobil yolunun 22-ci kilometrindən Pirallahı körpüsünə qədər olan 1 kilometr yanaşma yolu yenidən qurulur.

“Azəravtoyol” ASC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, yenidənqurma işləri çərçivəsində yolun mövcud eni 7 metrdən 21-22 metrə qədər və dənizə doğru genişləndirilir. Bunun üçün 25 metr enində yeni yol yatağı inşa olunur. Bundan başqa, mövcud yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə karbonat materialı tökülərək kipləşdirilir.

“Azəryolelmitədqiqatlayihə” İnstitutu tərəfindən hazırlanan layihəyə əsasən sözügedən hissədə yol 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarət olacaq. Yolun hərəkət hissəsinin eni 16 metr təşkil edəcək. Vətəndaşların normal və təhlükəsiz hərəkəti üçün hər bir istiqamət üzrə 1,5 metr enində piyada səkiləri inşa olunacaq, həmçinin 2-3 metr enində ayırıcı zolaq da qurulacaq. Ümumilikdə, 3 min 300 kvadratmetr piyada səkisi tikiləcək, səkilərin və yolayırıcının kənarlarına isə 6 min 350 poqonmetr səki daşı düzüləcək. Yolboyu müasir işıqlandırma sisteminin qaraşdırılması da planlaşdırılır.

Layihəyə əsasən kommunikasiya xətlərinin yolun altından keçirilməsi üçün 14 yerdə müxtəlif diametrli borular, 10 ədəd kommunikasiya lyukları, bundan başqa yağış sularının yoldan kənarlaşdırılmasını təmin etmək üçün isə 10 ədəd yağış barmaqlığı qoyulacaq. Həmçinin yolboyu 480 metr uzunluğunda yeni istinad divarı inşa ediləcək.

Yol yatağının inşası bitdikdən sonra yol əsasının tikintisinə başlanılacaq. 15 santimetr qalınlığında və 3 min 700 kubmetr həcmdə qum-çınqıl qarışığından, 10 santimetr qalınlığında və 2 min 500 kubmetr həcmdə isə optimal-qırmadaş qarışığından ibarət yol əsasının inşası nəzərdə tutulub. Daha sonra yola 2 qat (7+5 santimetr) olmaqla yüksəkkeyfiyyətli asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq.

Bütün işlər tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. Sözügedən hissənin yenidən qurulması ilə Qala-Pirallahı avtomobil yolundan Pirallahı körpüsünü keçməklə Pirallahı adasına gediş-gəliş xeyli rahatlaşacaq.

Qeyd edək ki, Qala-Pirallahı avtomobil yolunun 0-7-ci kilometrlik hissəsinin yenidən qurulması işləri artıq yekunlaşmaq üzrədir. Bundan öncə isə yolun 7-22-ci kilometrlik hissəsi müasir şəkildə yenidən qurulmuşdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.