İQTİSADİYYAT
Qala-Pirallahı avtomobil yolunun tikintisinin ikinci hissəsi icra edilir VİDEO
Bakı, 29 sentyabr, AZƏRTAC
Uzunluğu 21,6 kilometr olan Qala-Pirallahı avtomobil yolunun tikintisi layihəsinin ikinci hissəsi uğurla icra edilir.
“Azəryolservis” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hazırda avtomobil yolunun 0-7-ci kilometrlik hissəsində tikinti işləri aparılır. Sözügedən ərazidə yolun tikintisi altına düşən maneələr kənarlaşdırılır, yol boyu torpaq işləri görülür və yol yatağı tikilir.
Qeyd edilib ki, tikintisi gedən birinci texniki dərəcəli Qala-Pirallahı avtomobil yolunun 0-7-ci kilometrlik hissəsinin 6 hərəkət zolaqlı olması planlaşdırılır. Hər bir hərəkət zolağının eni 3,75 metr olmaqla yolun hərəkət hissəsinin eni bir istiqamət üzrə 11,5 metrdir. Yolun ümumi eni 33 metr, ayrıcı zolağın eni isə 3 metrdir.
Layihə üzrə Qala-Pirallahı və Qala-Şüvəlan avtomobil yolunun tikintisi işləri Qala-Pirallahı istiqamətində aparılıb. Tikinti işlərinə yolun 7-ci kilometrlik hissəsindən başlanılıb və 21,6-cı kilometrlik hissəsində isə başa çatdırılıb. Layihə üzrə nəzərdə tutulmuş bir piyada keçidi yolun 10-cu kilometrlik hissəsində tikilərək əhalinin istifadəsinə verilib.
“Azəryolservis” ASC tərəfindən 4 hərəkət zolaqlı avtomobil yolunun birinci hissəsinin (14,667 kilometr) tikintisi 2014-cü ilin noyabrında yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb.