CƏMİYYƏT
Qala qəsəbəsində tullantılar fərqli texnologiya ilə yığılır
Bakı, 24 noyabr, AZƏRTAC
Bakının Qala qəsəbəsində məişət tullantıları əhalinin iştirakı ilə çeşidlənərək yığılır.
Təmiz Şəhər” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qəsəbədə tullantıların yığılması və daşınması prosesində son texnologiyalardan istifadə olunur. Bu dəfə isə tullantının daşınmasına peşəkar nəzarətin artırılması məqsədilə “qaynar xətt” telefon xidməti istifadəyə verilib. Artıq qəsəbə sakinləri tullantı ilə bağlı qarşılaşdıqları istənilən məsələ ilə bağlı 464-42-42 nömrəsi ilə əlaqə saxlayaraq məsələnin dərhal həllinə nail ola biləcəklər. Bu xidmət “Təmiz Qala” pilot layihəsi çərçivəsində göstərilir.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Təmiz Şəhər” ASC-nin həyata keçirdiyi bu layihə çərçivəsində qəsəbədə tullantıların toplanması fərqli üsulla aparılır. Qəsəbədə küçələrə göy və yaşıl rəngli tullantı qutuları yerləşdirilib. Sakinlər məişət tullantılarını iki yerə bölərək üzvi (qida) tullantıları bir, qeyri-üzvi (qeyri-qida) tullantıları digər rəngdəki qutulara atırlar. Həmin qutular da uyğun rəngdə olan avtomobillərə ayrıca yığılaraq “Təmiz Şəhər” ASC-nin Balaxanıda yerləşən tullantıların çeşidlənməsi zavoduna daşınır. Bu cür çeşidlənərək yığılan tullantının təkrar emal zamanı məhsuldarlığı daha çox olur.
Bundan əlavə, layihə çərçivəsində Qala qəsəbəsində dispetçer xidməti, loqistika və planlaşdırma mərkəzi yaradılıb. Mərkəzdə meydançaların və konteynerlərin yerini elektron xəritədə göstərən, optimal marşrutları idarə edən, təhlillər aparan və hesabatlar tərtib edən “Route Optimisation by Tamiz Shahar” xüsusi proqram təminatından və avtomaşınların marşrutlarla hərəkətlərini canlı izləmək və tarixçəsinə baxmaq üçün GPS İzləmə Sistemindən istifadə edilir. Qeyd olunan texnika vasitəsilə “Təmiz Şəhər” ASC Qalada meydançalarda əmələ gələn tullantıların illik, rüblük və aylıq, həmçinin fəsillərə uyğun daşınmasını planlaşdırır. Həm bu proqramlar, həm mümkün ani dəyişikliklər barədə məlumat tullantı avtomobillərində quraşdırılmış planşetlərə ötürülür və sürücülər həmin məlumat əsasında hərəkət edirlər. Həmçinin sürücülər də qarşılaşdıqları problemləri kabinələrdəki GPS-danışıq sensorları ilə dispetçerə ötürə bilirlər.
“Təmiz Şəhər” ASC bu sistemlə Qalada tullantıların toplanması və daşınmasına hərtərəfli və interaktiv nəzarəti təmin edir. Marşrutun optimallaşdırılması işçi heyətinin düzgün paylanmasına və yanacağın sərfəli istifadəsinə şərait yaradır.