MƏDƏNİYYƏT


Qala qoruğunda Yeni il şənliyi

A+ A

Bakı, 29 dekabr, AZƏRTAC

“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda “Dünya xalqlarının Yeni il bayramına birgünlük səyahət” adlı musiqili-əyləncəli Yeni il şənliyi təşkil olunub. Tədbirin keçirilməsində məqsəd Qala və Qalaətrafı qəsəbələrin valideyn himayəsindən məhrum və sağlamlıq imkanları məhdud, o cümlədən yoxsul, maddi imkanı zəif uşaqların sosial-mədəni inkişafına dəstək olmaqdır.

AZƏRTAC xəbər verir ki, iki hissədən ibarət olan Yeni il şənliyi “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun Arxeoloji Etnoqrafik Muzey Kompleksi və Əntiq Əşyalar Muzeyində təşkil olunub.

Dünya xalqlarının Yeni il personajları Yeni il şənliyini daha da maraqlı və əyləncəli edib. İtalyanların dəyişkən təbiətli və xristianlığa qədərki dövrə aid olduğu bilinən mifoloji Yeni il personajı Befana, özbək xalqının Yeni il personajı Korbaba, Çex xalqının məşhur Yeni il personajı, mələk və şeytanın müşayiəti ilə ulaqda Yeni il günü evlərə gələrək uşaqlara müxtəlif hədiyyələr gətirən Müqəddəs Mikulaş uşaqlara çox fərqli Yeni il əhvalı və bir-birindən maraqlı hədiyyələr bəxş edib.

Yeni il personajları ilə şən ünsiyyətdən sonra ebru sənəti, qədim çörəkbişirmə, xınaçəkmə, xalçaçılıq, dulusçuluq, dəmirçilik sənətləri nümayiş olunub, uşaqlara bilavasitə bu sənətləri öyrənə və tətbiq edə bilmə şansı verilib. Uşaqlar su üzərində rəsmlər çəkib, əllərini xına ilə bəzəyib və öz bişirdikləri lavaşın dadına baxıblar.

Şənlikdə uşaqlar Bakı Uşaq Teatrının hazırladığı proqramı, sehrbazın çıxışını, Veniamin şou və kimyəvi şounu izləyib, Şaxta baba, Qar qız və nağıl personajlarının iştirakı ilə müxtəlif şeir, rəqs müsabiqələrində iştirak ediblər. Uşaqlara unudulmaz bayram əhvalı bəxş edən Yeni il şənliyi köpük şounun təqdimatı ilə yekunlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.