REGİONLAR


“Qalaaltı Hotel & SPA” müalicə-istirahət kompleksinin xidmətlərindən yararlanan turistlərin 25 faizi əcnəbilərdir VİDEO

A+ A

Şabran, 16 avqust, Elxan Yusifli, AZƏRTAC

“Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksini daha çox MDB ölkələrinin vətəndaşları ziyarət edir

Şabran rayonunun ərazisində yerləşən “Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksinin xidmətlərindən indiyədək 23 min turist yararlanıb. Dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşən istirahət kompleksində dincələnlərin 5 min 900 nəfəri (təxminən 26 faizi) əcnəbilər olub.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin iştirakı ilə ötən ilin avqustun 8-də açılan müasir müalicə-istirahət kompleksini daha çox MDB ölkələrinin, xüsusilə Rusiya və Qazaxıstan vətəndaşları ziyarət edir.

Turistlər: Eyni zamanda həm dincəlir, həm də müalicə olunuruq

Bakıdan cəmi 127 kilometr məsafədə yerləşən bu kompleksin eyni vaxtda 354 nəfəri qəbul edə biləcək yüksək səviyyəli otel, villa və kottecləri var.

Kompleksdə dincələn qazaxıstanlı turist Askar Jakanov AZƏRTAC-a müsahibəsində “Qalaaltı Hotel & SPA” kompleksində təqdim olunan müalicə paketlərinin sərfəli olduğunu bildirib: “Artıq dörd gündür buradayıq. Astana şəhərindən gəlmişik. Bu müalicə-istirahət kompleksinin dağlıq ərazidə yerləşməsi ən böyük üstünlüklərindəndir. Təmiz hava turistlər üçün çox xeyirlidir. Kompleksdə istər uzunmüddətli müalicəvi istirahət, istərsə də asudə vaxt keçirmək üçün hər cür şərait yaradılıb. Əminəm ki, növbəti ildə də bura gələcəyik.”

Askar Jakanovun həyat yoldaşı Maygül Jakanova da AZƏRTAC-a müsahibəsində “Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksindəki xidmətlərdən razı qaldığını deyib. “Mən xüsusilə müalicəvi palçıq vannalarını bəyəndim. Təqdim olunan masaj xidmətləri də yüksək səviyyədədir. Biz bura ailə üzvlərimizlə birlikdə gəlmişik. Qohumlarımız bizə Naftalan şəhərindəki sağlamlıq və istirahət mərkəzi ilə “Qalaaltı Hotel & SPA” kompleksini tövsiyə etdi. Buranı seçdiyimizə görə çox şadam. Gözəl təbiət qoynunda istirahət edirik. Həkimlərin təyinatı ilə müalicəvi sudan da içirik. Bir sözlə, həm dincəlir, həm də müalicə olunuruq”, - deyə qazaxıstanlı turist müalicə-istirahət kompleksi haqqında təəssüratlarını bölüşüb.

İki nəfər üçün bir günlük xidmət haqqı həftəiçi 135, həftəsonu isə 150 manat təşkil edir

Kompleksin otel binası müasir standartlara uyğun 171 otaqdan ibarətdir. Burada zövq oxşayan interyer qurulub, müxtəlif tədbirlərin keçirilməsi üçün iclas və konfrans zalları yaradılıb. Binadakı 112 superior otağın 33-ü iki, 79-u isə birnəfərlikdir. Eyni zamanda, 11 suit və 1 lüks otaq da var.

Otelin direktoru Turqay Arı AZƏRTAC-a müsahibəsində bildirib ki, “Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksində xidmətlər üçün sifarişləri həm onlayn, həm də yerində vermək mümkündür. Ziyarətçilər müalicə-istirahət kompleksinə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından yollayış da ala bilərlər.

Kompleksdə iki nəfər üçün bir günlük xidmət haqqı həftəiçi 135, həftəsonu isə 150 manat təşkil edir. Bura gün ərzində 3 dəfə yemək, fitnes zal, türk hamamı, buxar otağı, sauna, qapalı hovuzdan istifadə və digər xidmətlər daxildir. Həmçinin turistlərə müxtəlif kampaniyalar çərçivəsində güzəştli müalicə paketləri də təklif edilir. İki nəfər üçün bir həftəlik müalicə paketinin qiyməti 938, bir nəfər üçün isə 637 manatdır.

Burada istər uzunmüddətli müalicəvi istirahət, istərsə də həftə sonlarında asudə vaxt keçirmək üçün hər cür şərait yaradılıb. Oteldəki restoran və barlar asudə vaxtı səmərəli və maraqlı keçirmək üçün geniş imkanlar açır. Müalicə-istirahət mərkəzində aptek, market, suvenir mağazası, kişi və qadın bərbərxanaları fəaliyyət göstərir, qonaqlara bank xidmətləri təklif olunur.

Turistlər SPA xidmətlərindən, habelə bio-sauna, masaj, ekzotik duş otaqları, trenajor zalından da yararlana bilərlər.

Qalaaltı kəndi ərazisindən çıxan məşhur təbii sular əsasında müalicəvi tibbi xidmətlər

“Qalaaltı” kompleksində müasir avadanlıqla təchiz edilmiş tibb mərkəzi fəaliyyət göstərir. Tibb müəssisəsinin baş həkimi Vahid Vəliyev AZƏRTAC-a bildirib ki, “Qalaaltı Hotel & SPA” kompleksinin mühüm özəlliklərindən biri də burada müalicə xidmətlərinin təklif edilməsidir. Qonaqlara Qalaaltı kəndi ərazisindən çıxan məşhur təbii sular əsasında müalicəvi tibbi xidmətlər təqdim olunur. Məsələn, “Naftsu”nun tərkibində yüksək miqdarda üzvi maddələr var. Müalicəvi xüsusiyyətlərinə görə dünyada tanınan Qalaaltı suyundan qaraciyər, öd yolları iltihabı, böyrək daşı, böyrəyin xroniki iltihabı və digər uroloji xəstəliklərin müalicəsində istifadə edilir. Kompleksdə peşəkar tibbi heyətin nəzarəti altında Qalaaltı suyu ilə müalicə kursları təqdim olunur. Müalicənin səmərəliliyini təmin etmək məqsədilə ziyarətçilərə xüsusi kartlar verilir. Həkimlər tərəfindən hər bir ziyarətçiyə təyin olunan fərdi müalicə qaydası, suyun qəbul edilmə miqdarı, temperaturu elektron şəkildə həmin kartlara yazılır. Bu müasir texnoloji yenilik Azərbaycan tarixində ilk dəfə olaraq məhz burada tətbiq olunur.

Tibb müəssisəsində müasir laboratoriya, fizioterapiya, elektroterapiya, maqnitoterapiya, hidroterapiya, hidrokolonterapiya kabinələri yaradılıb. Burada masaj və palçıq applikasiya otaqlarından da istifadə etmək mümkündür.

Müalicə ilə yanaşı, geniş əyləncə xidmətləri də təklif olunur

Kompleksdə müştərilərə müalicə ilə yanaşı, geniş əyləncə xidmətləri də təklif olunur. Əyləncə məkanı 5,4 min kvadratmetr sahəni əhatə edir. Müxtəlif idman meydançaları, o cümlədən aerobika zalı, tennis kortları, geniş park, uşaq mərkəzi və hovuzu, qar otağı, elektron oyunlar asudə vaxtı səmərəli keçirməyə hər cür şərait yaradır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.