REGİONLAR
“Qalaaltı Hotel & SPA”: müalicə və istirahətin vəhdət təşkil etdiyi müasir məkan VİDEO
Kompleksin xidmətlərindən altı ayda 10 minə yaxın turist istifadə edib
Şabran, 10 mart, Elxan Yusifli, AZƏRTAC
Şabran rayonunun ərazisində yerləşən “Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksi istifadəyə verildiyi qısa müddət ərzində turistlərin marağını cəlb edib. Prezident İlham Əliyevin iştirakı ilə ötən ilin avqustun 8-də açılışı olan kompleksin xidmətlərindən indiyədək 10 minə yaxın turist yararlanıb. Dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşən istirahət kompleksində dincələnlərin təxminən 12 faizi əcnəbilər olub.
Bakıdan cəmi 127 kilometr məsafədə yerləşən bu kompleksin eyni vaxtda 354 nəfəri qəbul edə biləcək yüksək səviyyəli otel, villa və kottecləri var.
“Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksinin şöbə müdiri Oksana Özcan AZƏRTAC-a müsahibəsində bildirib ki, xidmətlər üçün sifarişləri həm onlayn, həm də yerində vermək mümkündür. Daha bir yenilik ondan ibarətdir ki, bundan sonra ziyarətçilər müalicə-istirahət kompleksinə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından yollayış ala biləcəklər.
Kompleksdə bir nəfərə bir günlük xidmət haqqı 105, iki nəfərə 163 manat təşkil edir. Bura gün ərzində 3 dəfə yemək, fitness zal, türk hamamı, buxar otağı, sauna, qapalı hovuzdan istifadə və digər xidmətlər daxildir. Həmçinin turistlərə müxtəlif kampaniyalar çərçivəsində güzəştli paketlər də təklif edilir.
Otel binası müasir standartlara uyğun 171 otaqdan ibarətdir. Burada zövq oxşayan interyer qurulub, müxtəlif tədbirlərin keçirilməsi üçün iclas və konfrans zalları yaradılıb. Binadakı 112 superior otağın 33-ü iki, 79-u isə birnəfərlikdir. Eyni zamanda, 11 suit və 1 lüks otaq da var.
Kompleksdə istər uzunmüddətli müalicəvi istirahət, istərsə də həftə sonlarında asudə vaxt keçirmək üçün hər cür şərait yaradılıb. Oteldəki restoran və barlar asudə vaxtı səmərəli və maraqlı keçirmək üçün geniş imkanlar açır. Müalicə-istirahət mərkəzində aptek, market, suvenir mağazası, kişi və qadın bərbərxanaları fəaliyyət göstərir, qonaqlara bank xidmətləri təklif olunur.
Turistlər SPA xidmətlərindən, habelə bio-sauna, masaj, ekzotik duş otaqları, trenajor zalından da yararlana bilərlər.
“Qalaaltı” kompleksində müasir avadanlıqla təchiz edilmiş tibb mərkəzi fəaliyyət göstərir. Baş həkim Vahid Vəliyev bildirir ki, tibb müəssisəsində müasir laboratoriya, fizioterapiya, elektroterapiya, maqnitoterapiya, hidroterapiya, hidrokolonterapiya kabinələri yaradılıb. Burada masaj və palçıq applikasiya otaqlarından da istifadə etmək mümkündür.
“Qalaaltı Hotel & SPA” kompleksinin mühüm özəlliklərindən biri də burada müalicə xidmətlərinin təklif edilməsidir. Qonaqlara Qalaaltı kəndi ərazisindən çıxan məşhur təbii sular əsasında müalicəvi tibbi xidmətlər təqdim olunur. Məsələn, “Naftsu”nun tərkibində yüksək miqdarda üzvi maddələr var. Müalicəvi xüsusiyyətlərinə görə dünyada tanınan Qalaaltı suyundan qaraciyər, öd yolları iltihabı, böyrək daşı, böyrəyin xroniki iltihabı və digər uroloji xəstəliklərin müalicəsində istifadə edilir. Kompleksdə peşəkar tibbi heyətin nəzarəti altında Qalaaltı suyu ilə müalicə kursları təqdim olunur. Müalicənin səmərəliliyini təmin etmək məqsədilə ziyarətçilərə xüsusi kartlar verilir. Həkimlər tərəfindən hər bir ziyarətçiyə təyin edilən fərdi müalicə qaydası, suyun qəbul edilmə miqdarı, temperaturu elektron şəkildə həmin kartlara yazılır. Bu müasir texnoloji yenilik Azərbaycan tarixində ilk dəfə olaraq məhz burada tətbiq olunur.
Kompleksdə müştərilərə müalicə ilə yanaşı, geniş əyləncə xidmətləri də təklif edilir. Əyləncə məkanı 5,4 min kvadratmetr sahəni əhatə edir. Müxtəlif idman meydançaları, o cümlədən aerobika zalı, tennis kortları, geniş park, uşaq mərkəzi və hovuzu, qar otağı, elektron oyunlar asudə vaxtı səmərəli keçirməyə hər cür şərait yaradır.