REGİONLAR
Qalaaltı kəndi istiqamətində yeni yolun çəkilişi sürətlə davam edir VİDEO
Şabran, 16 iyun, Elxan Yusifli, AZƏRTAC
Şabran rayonunun məşhur Qalaaltı kəndi istiqamətində yeni 14,4 kilometr uzunluğundakı yolun çəkilişi sürətlə davam edir.
AZƏRTAC xəbər verir ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində “Azəravtoyol” ASC tərəfindən inşa olunan yeni yol Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 115-ci kilometrindən Qalaaltı kəndinə doğru salınır.
Hazırda yolun torpaq yatağı tikilir. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 115-ci kilometrində yol qovşağı və yolun başlanğıcında yerləşən mövcud su kəməri üzərindəki yolötürücüsündə tikinti işləri yekunlaşmaq üzrədir. Bununla yanaşı, yolun 6,9 kilometrində mövcud Şimal İxrac Neft Boru kəməri üzərindəki yolötürücüsündə isə svayların beton işləri görülür.
Layihə çərçivəsində, ümumilikdə, 4 yolötürücüsünün tikintisi planlaşdırılıb. Buraya yolun 11,2 kilometrində Siyəzən-Qalaaltı avtomobil yolunun üzərində yol qovşağı da daxildir.
Turizm əhəmiyyətli yol 2-4 hərəkət zolaqlı olmaqla, I və II texniki dərəcəyə uyğun inşa edilir. Layihəyə əsasən yol yatağının eni 15, 20,5 və 23 metr olacaq. Hərəkət zolaqlarının eni 3,75 metr, ayrıcı zolağın eni isə 1 metr və 3,5 metr nəzərdə tutulub.
Bundan başqa, 2 ədəd düzbucaqlı dəmir-beton su keçidinin, həmçinin 9 ədəd dəmir-beton suötürücü borunun tikintisi də nəzərdə tutulub.
Layihəyə əsasən yolun tikintisi 2017-ci ildə yekunlaşacaq. Bu yol yeni turizm marşrutlarının açılması və kənd təsərrüfatı üçün mühüm əhəmiyyət daşıyır.