İDMAN
“Qalatasaray” rəhbərliyi baş məşqçi ilə yollarını ayırıb VİDEO
Bakı, 19 noyabr, AZƏRTAC
“Qalatasaray” futbol klubunun baş məşqçisi Həmzə Həmzəoğlunun fəaliyyətindən narazı qalan komanda rəhbərliyi onunla yollarını ayırıb.
AZƏRTAC xəbər verir ki, bu məlumat Türkiyə çempionunun rəsmi saytında yerləşdirilib.
Bildirilib ki, rəhbərlik H.Həmzəoğlu ilə fikir mübadiləsi apardıqdan sonra çalışdırıcı ilə müqaviləyə son verib. Kluba göstərdiyi xidmətləri yüksək qiymətləndirilərək bundan sonrakı karyerasında ona uğurlar arzulanıb.
Məlum olub ki, baş məşqçinin tutduğu vəzifədən kənarlaşdırılması haqqında qərar İstanbul klubunun direktorlar şurası tərəfindən verilib. Hələ ki tərəflər qaranlıq istefa qərarının əsl səbəbi barədə açıqlama verməkdən çəkinir.
Baş məşqçı isə istefanı bu sözlərlə bölüşüb: “İdarə heyəti yollarını ayırmaq barədə mənə məlumat verdi. Mən də öz növbəmdə bu qərara hörmətlə yanaşdım”.
İdman ekspertləri isə H.Həmzəoğlunun istefaya göndərilməsi səbəblərindən biri kimi son həftələrdə “Qalatasaray”ın ardıcıl iki oyunda məğlubiyyəti ilə izah edirlər.
Qeyd edək ki, hazırda İstanbul klubu Türkiyə Super Liqasında keçirilmiş 11 turdan sonra 21 xalla turnir cədvəlində üçüncü sırada yer alır.