ELM VƏ TƏHSİL


Qalayeri qədim yaşayış məskənində gildən hazırlanan  qəlib aşkarlanıb

Bakı, 3 iyul, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Nəcəf Müseyiblinin rəhbərlik etdiyi ekspedisiya may və iyun aylarında Qəbələ aeroportu ərazisində xalkolit dövrünə - eramızdan əvvəl IV minilliyin birinci yarısına aid Qalayeri yaşayış məskənində arxeoloji qazıntı işlərini davam etdirib.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədqiqatlar Leylatəpə arxeoloji mədəniyyətinə aid bu yaşayış yerinin Ön Asiyanın, xüsusilə də Şərqi Anadolunun qədim sivilizasiyaları ilə sıx əlaqələrinin mövcudluğunu, eramızdan əvvəl IV minilliyin birinci yarısında həmin bölgələrdən Azərbaycan ərazisinə kütləvi miqrasiyaların baş verdiyini sübut edən abidələrdən biri olduğunu göstərir.

Son arxeoloji qazıntılar zamanı Qalayerində ilk dəfə iri ölçülü yarımqazma və onun içərisində qazılmış ikinci bir dayaz quyu aşkar edilib. Yarımqazmadan xalkolit dövrü üçün nadir tapıntılardan olan çıraq qalığı da tapılıb. Yarımqazmanın strukturu və oradan çırağın aşkar edilməsi bu yerin abidənin qədim sakinlərinin ibadətgahı olmasını ehtimal etməyə əsas verir.

Maraqlı tapıntılardan biri kimi qədim metallurgiyada istifadə olunan gildən hazırlanan qəlibin aşkarlanmasını xüsusi qeyd etmək lazımdır. Metal külçələr üçün nəzərdə tutulmuş qəlib bütün Qafqazda bu qəbildən olan ən qədim tapıntıdır və regionda xalkolit dövrünə aid ikinci belə bir tapıntı hələlik məlum deyildir. Bu qəlibin aşkar edilməsi hələ 6 min il əvvəl Qalayerinin sakinlərinin metallurgiyanı inkişaf etdirdiyini, külçələri uzaq məsafələrə, çox ehtimal ki, Yaxın Şərqə apararaq metal ticarəti ilə məşğul olduqlarını göstərir.

Qalayerində tədqiqat zamanı küptipli saxsı qablarda körpə uşaq qəbirləri, dulus kürəsi, minlərlə saxsı qab fraqmentləri, müxtəlif növ daşlardan və sümükdən hazırlanmış alətlər və s. aşkar edilib. Bütün bunlar xalkolit dövrü əhalisinin həyat tərzi, təsərrüfat fəaliyyəti barədə məlumat verir. Ümumiyyətlə, bu abidə Azərbaycanda erkən idarəçilik ənənələrinin, dövlətin rüşeymlərinin bir sıra xüsusiyyətlərini özündə əks etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.