CƏMİYYƏT


“Qalibiyyət - şahidlər və şəhidlər” kitabının birinci cildinin təqdimatı olub  VİDEO

Bakı, 24 iyun, AZƏRTAC

İyunun 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında tanınmış jurnalist Aida Eyvazlının “Qalibiyyət – şahidlər və şəhidlər” kitabının birinci cildinin təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, kitab aprel şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə yazılıb. Nəşrdə aprel döyüşlərində şəhid olmuş 45 qəhrəmanımızın həyat salnaməsi, əsgərlərimizin son döyüşdə dedikləri sözlər, cəbhədə göstərdikləri igidliklər, ölkəmizdə şəhid ailələrinə göstərilən dövlət qayğısı, eləcə də müəllifin şəhidlərimizə həsr etdiyi şeirləri yer alıb.

Tədbiri açan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev ASAN könüllülərinin vətənpərvərlik mövzusuna daim diqqət yetirdiklərini, bu cür tədbirlərin gənclərdə vətənpərvərlik hissinin yüksəldilməsində müstəsna rol oynadığını bildirib. Ü. Mehdiyev, həmçinin aprel döyüşlərində Azərbaycan əsgərinin qəhrəmanlığını xatırlayaraq bunun tarixi bir qələbə olduğunu qeyd edib.

Kitabın müəllifi A.Eyvazlı reportajların hazırlanması prosesindən, şəhid ailələri ilə görüşlərdə keçirdiyi hisslərdən danışıb. O, aprel döyüşləri zamanı Azərbaycan Ordusunun öz qüdrətini nümayiş etdirdiyini söyləyib. “Aprel döyüşlərində şəhid olan qəhrəman Vətən övladlarımız haqqında məlumatları toplayaraq onların xatirəsini əbədiləşdirmək qarşıya qoyduğum əsas məqsəd idi və bu, mənim üçün qürurvericidir”, - deyən müəllif kitabın ikinci cildi üçün də artıq məlumatların toplanıldığını diqqətə çatdırıb.

Kitabda, eyni zamanda, Lələtəpə, Talış yüksəklikləri, Seysulan məntəqəsi barədə maraqlı xatirələr, aprel döyüşlərini və qələbə anını əks etdirən məqamlar, bu döyüşlərin dünyada doğurduğu əks-səda öz əksini tapıb.

Şəhidlərimizin ömür yolu, həyat hekayələri, onların doğmalarının, dostlarının xatirələri əsasında yazılan kitabda müəllifin özünün çəkdiyi şəkillər və şəhidlərin həyatından bəhs edən fotolar da yer alıb.

Aprel döyüşlərində şəhid olan qəhrəman hərbçimiz polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova tədbirdə çıxış edərək deyib ki, Azərbaycan gəncliyinin qarşısında şanlı bir aprel səhifəsi açılıb. O səhifəni qanları ilə, canları ilə yaratmış qəhrəmanlar var. Aprel şəhidləri bugünkü gənclik üçün bir məktəbdir. Aprel döyüşləri zamanı Azərbaycan xalqının qəhrəman oğulları qalibiyyətin başlanğıcını qoydular. Onların qəhrəmanlığı gənclərimiz üçün örnəkdir. Tədbirdə qeyd edilib ki, bu cür kitabların yazılması şəhidlərimizin xatirəsini daim yaşatmaq, gənclərimizdə vətənpərvərlik hisslərini gücləndirmək baxımından çox önəmlidir.

Tədbirin sonunda Aida Eyvazlı müəllifi olduğu kitabı ASAN könüllülərinə təqdim edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.